Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Newscenter.az xəbər verir ki, təbrikdə deyilir:
Möhtərəm cənab Prezident!
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektivi, ölkə qiymətləndiriciləri və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Suverenliyimizin bərpasından sonra ölkəmizin bütün ərazilərində ilk dəfə bu seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan qiymətləndiriciləri 7 fevral Prezident seçkilərində fəal iştirak edərək Zəfərə, ölkəmizin gələcəyinə, rifahına və tərəqqisinə səs veriblər. Sizin Müzəffər Ali Baş Komandan olaraq rəhbərliyiniz və rəşadətli Azərbaycan Ordusunun şücayəti nəticəsində 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı zamanı əldə edilən Şanlı Zəfər tarixi həsrətimizə son qoymaqla yanaşı, ölkəmizin regionun lider, dünyanın isə önəmli dövləti olaraq beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirib.
Ötən Prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı bəyan etdiniz ki, qarşıdakı dövrdə ölkəmizin həyatında mühüm dəyişikliklər baş verəcək. Sizin rəhbərliyiniz altında həyata keçirilən islahatların sayəsində bütün hakimiyyət qolları yeniləndi, idarəetmə sistemində köklü islahatlar aparıldı və ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 44 günlük vətən müharibəsində əldə edilən tarixi qələbə və lokal antiterror əməliyyatı zamanı suverenliyimizin tam bərpası isə davamlı və sistemli nailiyyətlərimizin kuliminasiya nöqtəsi oldu. Bu məqamda onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının sonuncu qurultayı zamanı rəhbəri olduğum Milli Qurtuluş Partiyası kollektiv şəkildə hakim partiyaya qoşulmaq, sizin liderliyiniz altında fəaliyyətini davam etdirmək qərarını elan edib.
Çünki Siz təkcə dövlətimizin başçısı yox, həm də Milli Liderimizsiniz. Azərbaycan və Türkiyə, habelə türk dövlətləri arasında münasibətlərin tarixin ən yüksək səviyyəsinə yüksəlməsi və Sizin burada müstəsna xidmətləriniz bunun bariz nümunəsidir. Əminik ki, müdrik və uzaqgörən inkişaf strategiyanız son 20 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, işğal altında olan torpaqlarını azad edən ölkəmizin sosial-iqtisadi inkişafın bütün sahələrində gələcəkdə də böyük uğurlar qazanmasında mühüm rol oynayacaq.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında uğurla reallaşdırılan Azərbaycan iqtisadiyyatının durmadan inkişafı, ölkədə bir-birindən əzəmətli quruculuq planlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsi, sahibkarlığın tərəqqisi və iqtisadiyyatın diversifikasiyasının iqtisadi fəaliyyətdə şəffaflığın artırılmasını, kölgə iqtisadiyyatının azaldılmasını və korrupsiyaya qarşı mübarizənin təşkili amilinə xüsusi önəm verilir. Məmnunluq hissi ilə qeyd edirik ki, diqqət və qayğınız sayəsində sürətli və dayanıqlı iqtisadi inkişaf şəraitində ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sektorunda da tərəqqiyə nail olunub. Qiymətləndirmə xidmətinin əhatə dairəsi genişlənib, maliyyə sistemində şəffaflığın artırılmasında və bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında rolu əhəmiyyətli dərəcədə artıb.
Möhtərəm cənab Prezident!
Bir daha Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə rəhbərliyiniz altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə müvəfəqiyyətlər, yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.
Dərin hörmətlə: Vüqar Oruc, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri