Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin "Akıncı" üzərindən regiona daxil olmağa çalışan üçüncü qüvvələrə ünvanlamış mesajı

Prezidentin "Akıncı" üzərindən regiona daxil olmağa çalışan üçüncü qüvvələrə ünvanlamış mesajı


Cənab Prezident İlham Əliyevin fevralın 7-də keçirilən prezident seçkilərindən sonra ilk olaraq silahlanmaya yeni qəbul olunmuş "Akıncı" pilotsuz uçuş aparatlarının sınağını izləməsi, Ermənistan və onun üzərindən regiona daxil olmağa çalışan üçüncü qüvvələrə ünvanlamış mesaj kimi xarakterizə olunmalıdır. Bilindiyi kimi 44 günlük Vətən Müharibəsindən sonra rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarının nəticəsiz bitməsinə çalışan güclərin önündə Fransa qərarlaşır. Fransanın regional maraqlarından dolayı Ermənistanı dəstəkləyən görüntüsü formalaşdırması hələlik hiss olunmasada, uzaq olmayan gələcəkdə ikinci üçün əlavə problemlər yaradacağı istisna deyil.

Artıq ölkəmizlə yanaşı regionun digər dövlətləri, Parisin bu kimi addımlarını birmənalı qarşılamır, xüsusilə Rusiya. Baş nazir Nikol Paşenyanın "artıq Rusiya Ermənistanın təhlükəsizlik qarantı ola bilməz" fikri Rusiya siyasi elitasında hiddətlə qarşılanıb və bir çox rusiyalı siyasilər İrəvan admistratsiyasını ölkəsində olan Rusiya hərbi mövcudluğu ilə təhdid etməkdən belə çəkinməyib. Hazırkı situasiyada belə bir fikir yaranır. Rusiya Ukraynada etdiyinin eynisini Ermənistanda etməyə çalışsa ona kim mane olacaq? Əlbəttə heç kim. Fransa başda olmaqla heç bir Avropa dövləti Ermənistana görə Rusiya ilə müharibə etməz. Makron hökumətinin təhrik edici addımları ilə efariyaya qapılmış Paşenyan və komandası, görünür onlar üçün yetişməkdə olan təhlükənin fərqində deyil.

Yaxın Şərqdə cərəyan edən proseslər və Husilərin ticarət yollarında təhlükəli manevrlər etməsi "Transxəzər" layihəsi fonunda bir daha Cənubi Qafqaz regionunun əhəmiyyətini göz önünə sərdi. Regionun isə tək alternativsiz dövləti Azərbaycandır. Fransanın regionda canfəşanlıq etməsinin ardında dayanan səbəblərdən biridə məhz budur. Əksər imperialist güclər kimi Parisdə eyni xətt üzrə hərəkət edir və dövlət maraqlarını təmin etməyə çalışır. Bu səbəbdən Ermənistanı qurban vermək cəhdləri başa düşüləndir.

Onlar yaxşı bilir ki, köhnə nəsil silahlarla və yaxud Hindistanıda təhrik etməklə Azərbaycanla Ermənistan arasında güc balansını dəyişmək mümkün deyil. Ermənistan silahlandırılırsa paralel olaraq Azərbaycanda öz hərbi potensialını durmadan artırır. Lakin biz bunu nümayişkəranə şəkildə etmirik. Ermənistandan fərqli olaraq Azərbaycan öz hərbi arsenalını ən son model silahlara zənginləşdirir. Bu istiqamətdə hərbi sanaye sahəsində aparıcı ölkələrdən hesab olunan İsrail və Türkiyə kimi dövlətlərlə sıx əməkdaşlıq mühütü formalaşdırılıb. Ölkə başçısı silah diplomatiyasını məharətlə idarə etməyi bacarır. Bununla yanaşı ölkədə yerli silah istehsalının artırılması istiqamətində görülən işlərin miqyası da artmaqdadır. Belə bir şəraitdə Fransanın cəhdləri nəticəsiz olaraq qalmaqda davam edəcək. Əvəzində isə uduzan tərəf Ermənistan olacaq.

Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Xəbəri paylaş