"7 fevral prezident seçkilərində Azərbaycan xalqı öz iradəsini ortaya qoydu və inkişafa, təhlükəsizliyin qarantına səs verdi. Beləliklə, qalib xalq qalib liderini seçdi. Bu, Azərbaycan xalqının Qalib liderinə verdiyi qiymət, eyni zamanda qalib ordunun Ali baş komandanı kimi bizə bəxş etdiyi Böyük Qələbəyə görə təşəkkür idi. Bütün ölkə ərazisini əhatə edən seçkilərdə yüksək seçici fəallığı, yüksək səviyyədə iştirakçılıq diqqət çəkdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, bu dəfəki seçkilər Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyırdı:
"Ərazi bütövlüyü və suverenliyimizin təmin olunmasından sonra bütün ölkə ərazisində səsvermə prosesinin keçirilməsi hər bir azərbaycanlı üçün fəxr və qürur idi. Azərbaycan xalqı illərdir bu anı gözləyirdi. İnsanlarımız fəxr və qürur hissilə məntəqələrə getdi, rifah dolu gələcəyə səs verdi. Şuşada, Xankəndidə, Laçında və digər bölgələrimizdə seçki məntəqələrinin qurulması bizə ayrıca sevinc və fərəh hissi bəxş etdi. Bu seçkilərdə dünya bir daha Azərbaycan xalqını qalib xalq kimi tanıdı. Bütün dünya mediası artıq ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycanda keçirilən prezident seçkilərini işıqlandırdı. Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi böyük Qələbəmizin nəticəsi idi".
Deputat qeyd edib ki, Azərbaycan liderinə gələn çoxsaylı təbrik mesajları isə Azərbaycan Prezidentinin nüfuzundan, onun qalib lider, nüfuzlu siyasətçi kimi qəbul olunduğunu bir daha təsdiqlədi:
"İƏT baş katibinin təbrikində isə Azərbaycan Prezidentinin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında əlaqələrin güclənməsinə verdiyi töhfələr təqdir olunur.
Səsvermə başa çatandan sonra prosesi izləyən 70-dən çox müşahidə missiyası, “exit-poll” təşkilatlarının rəylərində də seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyi qeyd olunur. Yalnız ATƏT DTİHB hər zamankı kimi qərəzli və qeyri-obyektiv dəyərləndirmə etdi. Bu da gözlənilən idi. Çünki illərdir, ATƏT seçkilərdə Azərbaycana qarşı qərəzini gizlədə bilmir. Hər il eyni qərəzli rəylərlə Azərbaycanın uğurlarına kölgə salmağa çalışır. Amma bu dəfə də məkrli plan baş tutmadı. Bir daha sübut olundu ki, heç bir qüvvə Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycan xalqı və dövləti heç bir mərkli qüvvəyə böyük qələbəmizə kölgə salınmasına imkan vermir və imkan verməyəcək".
Ruhiyyə Mehdiyeva