"Bu ilin sonlarında Bakıda keçiriləcək COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Keçən ilin dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdi ki, tədbirdə təqribən 70-80 min xarici qonağın iştirakı gözlənilir və onlar iki həftə ərzində Azərbaycanda olacaqlar.
Rəsmi məlumatlara görə 2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində, 70 min xarici nümayəndə qeydiyyatdan keçib. Qeyri rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub. Məlumat üçün bildirək ki, bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır. Deməli, bu çərçivədə keçirilən tədbirə dünyanın diqqəti getdikcə artmaqdadır. O səbəbdən Azərbaycanda keçiriləcək COP29 tədbirində faktiki olaraq əvvəlki tədbirdən daha çox şəxsin qatılması gözləniləndi".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bu il Bakıda keçiriləcək COP29 sammitindən danışarkən səsləndirib. O bildirib ki, Azərbaycan hələ illər öncə ölkədə yaşıl enrji istehsalı istiqamətində ciddi addımlara start vermişdi:
"Bu gün artıq Azərbaycanaın bir sıra əraziləri yaşıl enerji ərazisi elan olunub".
Fikrət Yusifov qeyd edib ki, Azərbaycanda yaşıl enerji istehsalı üçün olduqca böyük təbi resurslar mövcuddur:
"Biz bu məqsədə artıq xarici investisiyaların cəlb edilməsinə başlamışıq. İlkin nəticələr isə ortadadır. Keçən ilin oktyabr ayında Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən olan yatrımlar hesabına 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. COP28 keçirildiyi Birləşmiş Ərəb Əmirlikləri ilə bu sahədə əməkdaşlıq təsadüfü sayıla bilməz. Bu ilk addım olsa da imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında gələcəkdə BƏƏ-nin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.
Bakıda bu ilin sonunda keçiriləcək COP29 isə Azərbaycanda yaşıl enerji istehsalının artmasına ciddi bir təkan verə biləcək. Bu tədbir parallel olaraq ölkəmizin yaşıl enerji sektoruna xarici sərmayələrin cəlb edilməsi üçün bir platforma olacaqdır".
Süleyman İsmayılbəyli