"Nə 44 günlük müharibədən, nə də 19 sentyabr 2023-cü il antiterror tədbirlərindən sonra Ermənistan məğlub olduğunu etiraf edib. Ermənistan hakimiyyəti uğursuzluğu üzərindən atmaq üçün bütün məsuliyyəti Qarabağda fəaliyyət göstərmiş separatçı rejimin üzərinə atır. Amma baxmayaraq ki, Qarabağda döyüşənlər Ermənistanın himayəsi altındaydı, əksəriyyəti də vətəndaşı idi və silah-sursat da bu ölkədən gətirilirdi. Paşinyan hökuməti isə bunları etiraf etmək istəmir. Çünki məğlubiyyətin dostu olmur. Əvəzində isə Azərbaycanla bərabər tərəflər kimi danışmağa çalışır".
Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli Ermənistanın bu gün Zəngilan istiqamətində mövqelərimizi atışə tutmasını şərh edərkən səsləndirib. O bildirib ki, Paşinyan hakimiyyəti daxili ictimai rəyi yüksək səviyyədə saxlamaq məqsədilə müəyyən manevrlər edir:
"Buna sülh anlaşması üçün təkliflər, Zəngəzur dəhlizi ilə bağlı şərtləri misal göstərmək olar. Atəşkəsin pozulması isə daha uzaq gedən məqsədlərə xidmət edir. Sözsüz, burada da daxilə bir mesaj var ki, hakimiyyət güclüdür və məğlub deyil. İkincisi, beynəlxalq aləmə göstərməyə çalışır ki, Ermənistan manevr etmək gücündədir və hansısa məsələlərdə ona istinad edilə bilər. Üçüncüsü isə Azərbaycan qarşısında nəinki qorxmadığını və hətta silaha əl atmaq cəsarətində olduğunu göstərir ki, danışıqlar prosesində şikayət edən deyil, şikayət olunan tərəfə çevrilərək üstünlük əldə etsin".
Süleymsn