"Bu hadisə şübhəsiz ki, Ermənistanın xoş olmayan niyyətindən xəbər verir. Görünür ki, Paşinyan ya ikitərəfli oyun oynayır, ya da öz ordusuna nəzarət edə bilmir. Hər iki hal da çox təhlükəlidir".
Bu fikirləri Newscenter.az-a politloq Zeynal Əmrəliyev Ermənistanın Zəngilan istiqamətində törətdiyi son təxribatı şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Ermənistanda hələ də revanş hissi yaşayanlar var:
"Görünür ki, bu xəstəlik onlardan tam bitməyib. Azərbaycan tərəfi dəfələrlə bildirib, əgər Ermənistan yenidən hərəkətə keçərsə bu dəfə onların başı çox pis əziləcək. Təbii ki, Azərbaycan düşmənin bu təxribatlarına cavab vermək haqqını özündə saxlayır. Əgər Ermənistan bu cür hərəkətlərinə davam edərsə, Azərbaycandan çox sərt cavab görəcək".
Zeynal Əmrəliyev deyib ki, əsgərimizin yaralanması isə olduqca ağır cinayətdir:
"Bu cinayəti törədənlər qanun qarşısında cavab verməlidir və verəcəklər də. Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən Qərb də ermənilərin bu vəhşiliklərini görməlidir. Əgər onlar həqiqətən səmimidirlərsə, buyursunlar sülh prossesinə mane olanlara, bu vəhşilikləri törədənlərə cavab versinlər. Təbii ki, biz bunun olmayacağını bilirik. Çünki bu qurumlar hər zaman bizə qarşı bu cür ədalətsizliklər edir. Sonda onu qeyd edim ki, əgər Ermənistan bu cür davranmağa davam edərsə, bu onun tamamilə darmadağın edilməsi ilə nəticələnəcək. Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır".
Süleyman