Türkiyədə bələdiyyə seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik də artır. Hakim partiya öz uğurlu seçki kampaniyasını davam etdirdiyi bir zamanda müxalif düşərgədə maraqlı proseslər cərəyan edir. Bu sırada Cümhuriyyət Xalq Partiyası xüsusilə seçilir. Bu partiya daxilində yaşananlar ekspertlərin diqqətindən yayınmır. Belə ki, uzun illər CHP - də önəmli vəzifələrdə olmuş Gürsəl Tekin CHP rəhbərliyini sərt şəkildə tənqid edərək partiya üzvlüyündən istefa verib.
Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı fikirlərini bildirən politoloq Zeynal Əmrəliyev deyib ki, Tekin Dəniz Baykalın dövründən qalma ən güclü CHP - li sayılırdı. Onun sözlərinə görə, uzun müddət baş katib olaraq partiyanın 2 - ci şəxsi olmuşdu:
"Bir zamanlar adı Kılıçdaroglu sonrası CHP rəhbərliyi üçün keçirdi. Belə bir fiqurun yeni rəhbərliyə gəlmiş Özgür Özeli sərt tənqid edib partiyadan getməsi düşündürücüdür. Ehtimal ki, Gürsel Tekin bələdiyyə seçkiləri ilə bağlı narazı qalıb. Ola bilər ki, Tekin seçilə biləcəyi yerlərin birindən böyükşəhər bələdiyyəsinin sədrliyinə namizəd olmaq istəyib, ancaq CHP rəhbərliyi ona bu şansı tanımayıb".
Politoloq deyib ki, Tekin ümumiyyətcə, CHP daxilində problem yaradan biri olmayıb:
"Ancaq həmişə də ağır çəkili fiqur rolunu oynayıb. Tekinin bundan sonra 3 yolu var. Ya Muharrəm İncənin yanına gedib Məmləkət Partiyasına qoşulacaq, ya da müstəqil şəkildə siyasi həyatına davam edəcək. Üçüncü variant isə özünün yeni partiya qurmasıdır. Ancaq bu çoxda güclü bir ehtimal deyil. Tekin ağıllı siyasətçidir, yaxşı bilir ki, bu ona böyük üstünlük gətirməyəcək".
Süleyman