Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Borelin ermənipərəst mövqeyinə göz yumur

Avropa İttifaqı Borelin ermənipərəst mövqeyinə göz yumur


Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin antiAzərbaycan mövqeyi son vaxtlar daha tez-tez özünü göstərir. Artıq cənab Borel də bir növ Ermənistanın himayəçisi qismində çıxış edir. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüşdə söylədiyi fikirlər bir daha bunu təsdiqləyir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov deyib ki, Avropanın baş diplomatı sayılan, lakin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən Cozep Borel Ermənistan ordusunun fevralın 12-də sərhədçilərimizdən birini snayper atəşi ilə yaralamasına qarşı Azərbaycan tərəfinin özünümüdafiə hüququna uyğun olaraq adekvat cavab tədbirləri görməsindən sonra riyakar və qərəzli açıqlama vermək əvəzinə sussaydı, zənnimizə, bu, daha diplomatik addım olardı:

"Lakin Borelin ermənipərəstlik xisləti onu susmağa qoymur. Bu isə onun maskasının tamamilə düşməsinə gətirib çıxarır. Başqa sözlə desək, Borel danışdıqca batır".

AHK sədri deyib ki, Azərbaycan tərəfinin özünümüdafiə hüququndan istifadə edərək Ermənistanın törətdiyi sərhəd təxribatına adekvat cavab verməsini Borelin sual altına almağa çalışması və Azərbaycanı baş vermis insidentə gərəyindən artıq sərt reaksiya verməkdə ittiham etməsi açıq-aşkar ədalətsiz və riyakar mövqedir:

"Bəs, Azərbaycan nə etməliydi? Ermənistanın təxribatına gözmü yummalıydı? Atəşkəsin pozulmasına, əsgərimizin yaralanmasına reaksiya verməməliydi? Bu, nə sərsəm düşüncədir? Bu, necə ədalətsiz yanaşmadır? Avropanın sülhyaratma missiyası budurmu?

Azərbaycanın çevik qisas əməliyyatı həyata keçirməsi mövcud şəraitdə ən optimal və düzgün addım idi. Çünki biz bu təxribatın baş verməsinin səbəblərinin Ermənistan rəhbərliyi tərəfindən obyektiv surətdə araşdırılacağı və günahkarların cəzalandırılacağı barədə verilən qeyri-səmimi vədlərin icrasını gözləsəydik, taktiki cəhətdən uduzacaq və sonda isə heç bir nəticə əldə etməyəcəkdik. Axı biz ermənilərin də, Ermənistanı idarə edənlərin də xarakterinə yaxşı bələdik. Bismarkın məşhur ifadəsi ilə desək, onların heç bir vədinə inanmaq olmaz".

Əlisahib Hüseynov hesab edir ki, C.Borel özü də ermənilərin bu vədi yerinə yetirməyəcəklərini əslində bizdən də yaxşı bilir:

"Lakin buna rəğmən avropalı diplomat həmişəki kimi yenə də anti-Azərbaycan ritorikasına üstünlük verdi. Bu da gözlənilən idi. Çünki rəsmi Bakı hər nə qədər tutarlı, danılmaz faktlar ortaya qoysa da belə, saxtakar Borel ənənəvi ermənipərəstlik azarından heç vaxt əl çəkə bilməyəcək. Borelin əsas vəzifəsi ermənilərə “vəkil”lik etməkdir. Avropa İttifaqı isə təəssüf ki, Borelin ermənipərəst mövqeyinə göz yumur. Bu isə Aİ-Azərbaycan münasibətlərinə zərbə vurur".

Süleyman
Xəbəri paylaş