“Bütün çıxışları, müsahibələrində olduğu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin andiçmə mərasimində çıxışı da dərin konseptual əsaslı, qarşıdakı 7 ilə hesablanmış tezis xarakterli çıxış idi. Bu çıxış həm də Cənab Prezidentin ötən 20 il ərzindəki fəaliyyətinin hesabatı kimi də dəyərləndirilə bilər”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dünən qanunverici orqanda keçirilən andiçmə mərasimindən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçısı dərin məna və proqram xarakterli çıxışı zamanı qarşıdakı 7 ildə görəcəyi işlər, atacağı addımların bir növ anonsunu verdi:
“Dövlət başçısının çıxışında diqqət ayırdığı bütün məsələlər öz aktuallığı, günümüzün reallığı prizmasından vacibliyi ilə seçilirdi. Ancaq çıxışda 3 vacib məqam xüsusi diqqət çəkicidir. Birincisi, ordumuzun gücləndirilməsi, maddi-texniki bazasının daha da möhkəmləndirilməsidir ki, qarşıdakı 7 ildə Cənab Ali Baş Komandanın bu istiqamətdə ciddi addımlar atacağı şübhə doğurmur. Elə çıxışı zamanı dövlət başçısı qeyd etdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir”.
İqbal Məmmədov qeyd edib ki, Prezidentin çıxışında diqqət ayırdığı ikinci vacib məqam Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır:
“44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Qarabağın bərpası necə prioritet təşkil edirdisə, qarşıdakı 7 ildə də eyni siyasət davam edəcək. İkinci Qarabağ Müharibəsindən keçən 3 il ərzində görülən işlərin nəticəsindir ki, bu gün işğaldan azad edilən əksər ərazilərimizdə infrastruktur yaradılıb, məcburi köçkünlər öz yurdlarına qayıdıb. Bu proses bundan sonra da davam edəcək və Qarabağımız yenidən cənnət məkana çevriləcək”.
Millət vəkili deyib ki, dövlət başçısının çıxışı zamanı diqqət yetirdiyi üçüncü vacib məqam birliyimizin, həmrəyliyimizin qorunub saxlanmasıdır:
"Bizim milli birliyimiz, həmrəyliyimiz hər zaman vacibdir. Məhz milli birliyimizin göstəricisidir ki, Azərbaycanda qarışıqlıq yaratmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyən xarici dairələrin məkirli planları baş tutmur, onlar öz istəklərinə çata bilmirlər. Dövlət başçısının qeyd etdiyi kimi İkinci Qarabağ Müharibəsindəki qələbəmizi şərtləndirən başlıca amillərdən biri də məhz birliyimiz, xalqın dəmir yumruq kimi öz Prezidenti, Ali Baş Komandanı ətrafında sıx birləşməsi idi. Bu birlik və həmrəylik Zəfər seçkilərində də özünü göstərdi. Əminəm ki, birlik və həmrəyliyimiz sayəsində daha neçə-neçə uğurlara imza atacağıq".
Anar Əliyev