Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq genişlənməkdədir.
Newscenter.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın nüfuzlu ADA Universiteti 19-24 fevral tarixlərində Özbəkistanın ali və orta məktəblərində təhsil proqramlarını təqdim edəcəkdir.
Hazırda ADA Universitetində İctimai və Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Biznes, Təhsil, Dizayn və Memarlıq, Kənd təsərrüfatı və Qida elmləri fakültələrində bakalavriat və magistratura səviyyələri üzrə mütəxəssislər üzrə ixtisaslar təklif olunur.
Bununla əlaqədar ADA Universitetinin mütəxəssislərindən ibarət nümayəndələrin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində yerləşən ali və orta təhsil müəssisələrində görüşü və sərgidə iştirakı nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistanın tədrisi ingilis və rus dillərində olan orta məktəblərin sonuncu sinif şagirdləri üçün ADA Universitetinin bakalavr proqramlarının, ali təhsil müəssisələrinin isə sonuncu kurs tələbələri üçün magistratura proqramlarının təqdimatı keçiriləcəkdir. Təqdimatlar paytaxt Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd şəhərindəki Universitetlər və orta məktəblərdə keçiriləcəkdir.
Qeyd edək ki, bu il 22 fevral tarixində Daşkənd şəhərində «International Hotel Tashkent»də baş tutacaq «Begin Edu Fairs» Beynəlxalq Təhsil sərgisində ADA Universiteti də iştirak edərək öz təhsil proqramlarını təqdim edəcəkdir.
Süleyman