"Ermənistanın baş naziri Nikol Paşinyana qarşı başlanılmaq istənilən aksiyalar öncələr də baş tutmuşdu. Amma bu, bir nəticə verməmişdi. Hesab edirəm ki, indi arxasına kilsəni alan etirazçılar əvvəlkilərdən fərqli olaraq Paşinyana nisbətən güclü təzyiq edə biləcəklər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, kilsə revanşist qüvvələri də ətrafına toplayıb Paşinyana baş ağrısı yarada bilər:
"Paşinyanın konstitusiya dəyişikliklərinə getmək və Azərbaycanın tələbi olduğu qeyd edilən müddəaları dəyişdirmək cəhdinin baş tutması sual altında olacaq. Paşinyanın devrilməsinə cəhd ancaq Rusiyanın ciddi dəstəyi ilə baş tuta bilər. Amma bu çevrilişdə Rusiya bilavasitə özü iştirak etməlidir. Əks təqdirdə ermənilərə dəstək verməklə bu iş baş tutan deyil, çünki Rusiyanın Ermənistan daxilində elektoratı yox dərəcəsinə düşüb".
Azər Qasımov deyib ki, Paşinyanın məhz revanşist qüvvələr tərəfindən devrilməsi region üçün yeni qarşıdurma və müharibə vəd edir:
"Təbii ki, əsas zərəri Ermənistan görmək şərtilə. Məsələ ondadır ki, Ermənistan hər bir şərt daxilində seçim etmək məcburiyyətində qalacaqdır. Sülh, ya müharibə. Bunun üçün hakimiyyətdə kimlərin olmasının Azərbaycan üçün fərqi yoxdur. Sülh istəyənə sülh, müharibə istəyənə də müharibə ilə cavab verməyə Azərbaycan hər zaman hazırdır".
Süleyman