Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj

Prezidentdən Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj


"Son prezident seçkiləri ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın üçrəngli Bayrağının qürurla dalğalandığı bütün ərazilərimizdə keçirildi. Azərbaycan bu tarixi seçkilərlə və eləcə də fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ilə yeni bir mərhələyə qədəm qoydu desək səhv etmərik".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, növbədənkənar prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı bir çox aspektlərdən geniş ictimai marağa səbəb oldu və eləcə də bir sıra ciddi xəbərdarlıqlarla yadda qaldı:

"Cənab Prezident andiçmə mərasimində böyük qürur və xoşbəxtlik hissi ilə bildirdi ki, indiyə qədər qarşıya qoyulan bütün vəzifələr icra edildi. Çətinliklər, problemlər olsa da Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün bu çətinliklərin öhdəsindən gəlməyi bacardı. Şübhə yoxdur ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqı, onun Liderinə göstərdiyi inam və etimadın nəticəsidir.

Verilən vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası dayanırdı. İkinci Qarabağ savaşı ərazi bütövlüyümüz bərpası ilə başa çatdı. Cənab Prezidentin də dediyi kimi əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı".

Politoloq deyib ki, bizim uzun illər ərzində təmkin, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərməyimizə baxmayaraq məhz Ermənistanın və beynəlxaq birliyin ikili siyasəti müharibəni qaçılmaz etdi:

"Dövlət başçısı andiçmə mərasimində bildirdi ki, biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Ölkə Prezidentinin 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amilləri açıqlaması və onların fonunda “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” bəyanatı da Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.

Ölkə prezidentinin bu qətiyyətli fikri birbaşa Azərbaycan dövlətinin qəti mövqeyinin ifadəsidir. Dövlət başçısının ailəsi ilə birlikdə səs vermək üçün məhz Xankəndi şəhərini seçməsi həm mənəvi, həm də siyasi cəhətdən son dərəcə böyük əhəmiyyət kəsb edən bir qərar oldu".

Yusif Bağırzadənin sözlərinə görə, Prezident İlham Əliyevin tarixi nitqində yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərinin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var və o, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib, nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir:

"Bu xüsusda, Prezident İlham Əliyevin nitqində diqqət çəkmək istədiyim məqamlardan biri dövlətimizin başçısının Türk dünyasının gələcəyi və ölkəmizin bu tarixi prosesdəki missiyası ilə bağlı səsləndirdiyi fikirlərdir.
“Bizim ailəmiz Türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur” deyən ölkə başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin vacibliyini və bu məsəlnin bizim üçün bir nömrəli prioritet olduğunu vurğuladı. Prezident açıq şəkildə bəyan etdi ki, bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Həqiqətən də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin mövcudluğu bu təşkilatın gücləndirilməsi üçün böyük imkanlar açır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Prezidentin də dediyi kimi, biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin.

Dövlətimizin başçısının andiçmə mərasimindəki çıxışında ən mühüm vurğulardan biri də gənc nəslin milli ruhda tərbiyəsi və beləliklə şəhidlərimizin qanı bahasına əldə olunan tarixi nailiyyətlərin gələcəkdə də qorunması üçün hər bir ailənin qarşısında mühüm vəzifənin durması ilə bağlı bildirdikləridir. Prezident İlham Əliyevin “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır” fikri bütün cəmiyyətin və dövlət qurumların üzərinə düşən vəzifəni layiqincə həyata keçirməsinin vacibliyi ilə bağlı edilən çağırış oldu".

Politoloq onu da diqqətə çatdırıb ki, Prezidentin andiçmə mərasimindəki çıxışında səsləndirdiyi digər bir vacib məqam isə islamafobiyaya, neokolonyalizmə qarşı mübarizə ilə bağlı oldu:

"Prezident bəyan etdi ki, bundan sonra da dünyada islamafobiyaya, neokolonyalizmə qarşı mübarizə aparan dövlətlərin yanında olacağıq. Azərbaycan onsuz da adıçəkilən faktorlara qarşı hər zaman fəal mübarizə aparan ölkələr sırasında olub və bundan sonra da olacaq. Çünki, bu, bütövlükdə dünya xalqlarının böyük əksəriyyətinin maraqlarına, gözləntilərinə tam uyğundur. Neokolonyalizm imperializmin son mərhələsidir və başqa alətlərin istifadə edilməsi yolu ilə güclü dövlətlər dünyanın digər xalqların dövlətlərini nəzarət altın saxlamağa, idarə etməyə çalışırlar. Lakin Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasət yürüdən azsaylı ölkələrdən olmaqla, ümumilikdə digər xalqlar, dövlətlərin də suverenliyinin möhkəmləndirilməsində maraqlıdır.

Son olaraq onu da qeyd edim ki, ölkə başçısının andiçmə mərasimindəki nitqi gələcək hədəflərin müəyyənləşdirilməsi, eləcə də müxtəlif çağırışlar baxımından olduqca əhəmiyyətli oldu".

Süleyman
Xəbəri paylaş