Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qürurla seçilən Prezidentimiz Azərbaycanı daha nurlu sabahlara aparacaq!

Qürurla seçilən Prezidentimiz Azərbaycanı daha nurlu sabahlara aparacaq!



Azərbaycanda növbədənkənar prezident seçkiləri yüksək siyasi fəallıqla başa çatdı. Seçicilər Azərbaycanın gələcəyinə səs verdi. Bu, inam idi, bu, ehtiram idi, bu, Azərbaycan gerçəkliklərinin sosial-siyasi mahiyyətinin azərbaycançılıq baxımından dəyərləndirilməsi idi.  Dünya dövlətlərinin tolerant və bəşəri dövlət kimi tanıdığı Azərbaycanda bu seçkilər onun ərazi bütövlüyü miqyasında keçirildi. İşğalda qalan ərazilərdə də seçki dairələri təşkil olunmuşdu, seçicilər seçki məntəqələrində Azərbaycanın siyasi, iqtisadi inkişafını daha da yüksəldəcək namizədinə səs verdi. Bu seçim İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış Azərbaycanın dövlətçilik tarixində qüdrətdən sonrakı ilk seçki kimi qalacaq.

Fevralın 14-də cənab İlham Əliyevin Milli məclisdə prezident kimi andiçmə mərasimi keçirildi. Bu tədbir, mahiyyət baxımından seçkilərin davamıdır. Dünya ictimaiyyəti seçkilərin legitimliyini, yeni seçilən Prezidenti tanıdı. Bu seçkilərdə Əliyev İlham Heydər oğlunun lehinə 4 milyon 567 min 438 nəfər səs verdi ki, bu da ümumi seçicilərin 92,12 faizini təşkil edir.
Xalq Azərbaycanda işğalı sonlandırmış sərkərdəyə səs verdi...

Seçkilər keçirilir və nəticələr rəsmiləşdirilir. Bu, hüquqi protokoldur.

Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etdi. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etdi və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etdi.

Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı (və davam etdirdiyi) ədalətsiz müharibəni Azərbaycan ədalətli müharibə ilə sonlandırdı – mahiyyəti ertibarilə Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Üçtərəfli Bəyanat imzalandı. Məğlub Ermənistan bu Bəyanatın şərtlərinə əməl etmirdi, dağılmış ordu hissələri və erməniliyin mühafizəkarı olan Xankəndi şəhərinə sığınmış separatçı qüvvələr yeni təxribatlar törədirdi. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə Ağdərə, Əsgəran, Xocalı və Xankəndi də işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Növbədənkənar prezident seçkilərində seçicilər işğaldan azad olunmuş ərazilərdə də səs verdilər – seçicilər bu ərazilərə daimi yaşamağa qayıtmış sakinlər, quruculuq işlərində iştirak edənlər idi. Cənab İlham Əliyev andiçmə mərasimində çıxışında dedi: “Suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi”.
İstər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda bu seçkilər mühüm bir məqamla da yadda qaldı: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Məhz Xankəndidə! İllərlə azərbaycançılığa düşmən kəsilən, erməniliyindən xilas edilmiş şəhərdə, yüz illər əvvəl Qarabağ xanının inşa etdirdiyi şəhərdə! Növbədənkənar seçkilər də, Azərbaycan Respublikası Prezidentinin – Ali baş Komandanın sərkərdəliyi ilə işğaldan lokal xarakterli antiterror əməliyyatı ilə azad olunmuş Xankəndidə!
İkinci Qarabağ müharibəsində məğlub olan, 2023-cü il sentyabrın 20-də dağılmış ordu hissələri və separatçıları döyüşlərlə təslim olan Ermənistan ordusu təxribatlarını davam etdirir, sülh danışıqlarından yayınır.

Bu günlərdə dövlət sərhədində Ermənistan ordusunun hərbi qulluqçusu snayper tüfəngi ilə Azərbaycan əsgərini ağır yaraladı. Məqsəd nədir? Ermənistan bir, üç, beş, ... əsgər yaralamaqla nə əldə etmək istəyir? Bu, onun niyyətinin açarıdır, şübhəsiz. Belə niyyətə görə cavab ağır olur. Azərbaycan Ordusu bu təxribata görə düşmənin atəş açılmış mövqesini darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hadisə ilə bağlı dedi:  “Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər”.

Bu mərasim azərbaycançılığı şərtləndirən amillərə sədaqət kimi dinlənildi. Bu amillər min illərlə formalaşan milli-mənəvi dəyərlərdir, milli-mənəvi dəyərlər sistemidir. Bu dəyərlərdən ən başlıcası Vətənə sevgidir, İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər də, Zəfərdən sonra aparılan döyüşlər də, Azərbaycanın ərazi bütölüyünün tam bərpa olunması da bu dəyərlərlə bağlıdır. Cənab Prezidentimiz, müzəffər Sərkərdəmiz qətiyyətlə,qürurla dedi: “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.

Azərbaycan hər bir Azərbaycan vətəndaşının Vətənidir və Azərbaycan dərin məhəbbətlə sevilir. Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ mharibəsində də bu sevgi döyüşçülərin döyüş əzminin, qələbə ruhunun stimulu olmuşdu. Hər bir döyüşçü bu sevgini  döyüşlərə etimad bilirdi. Birinci Qarabağ müharibəsində yəhudi əsilli Azərbaycan vətəndaşı Albert Aqarunovun qəhrəmanlığı, qəhrəmanlıqla şəhid olması, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi bu tezisin təsdiqidir. Bu sevgi birlik, həmrəylik Vətən müharibəsində döyüşlərdə də, döyüşlərdən uzaqda da Qələbə əzminin ruh ortağı olmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində dedi: “Birlik, həmrəylik və şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir. Bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur”.

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”...
Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri təsdiqlədi ki, xalq Prezidentinə inanır da, ona sədaqətlidir də. Bu, Azərbaycanın həm mənəvi uğurudur, həm də siyasi. . Qürurla seçdik! Qürurla seçilən Prezidentimiz Azərbaycanı daha nurlu sabahlara aparacaq!..
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş