Fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində növbəti dəfə qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə əlini Konstitusiyamızın və Qurani-Şərifin üzərinə qoyaraq and içdi. Bununla da dövlət başçımız növbəti tarixi və taleyüklü missiyanın icrasını öz üzərinə götürdü.
Andiçmə mərasimində etdiyi çıxışda Prezident İlham Əliyev ölkəmizin qarşıdakı siyasətinin əsas istiqamətlərini müəyyən etdi və ölkəmizin gələcəyi üçün vacib olan məsələləri diqqətə çatdırdı. Dövlət başçısının bu çıxışı həm ötən 20 ilin hesabatı, həm də qarşıdakı illər üçün bir proqram idi. Cənab Prezident bildirdi ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. 300-dən çox şəhər və kənd, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyən ölkə başçımız bildirdi ki, biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyünü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq. Dövlət başçımız onu da qeyd etdi ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Əfsuslar olsun ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi nəticəsində isə sentyabr ayında keçirilən antiterror əməliyyatında cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi də ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Dövlət başçımız çıxışında onu da bəyan etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi.
Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.
Prezident İlham Əliyev çıxışında növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən danışaraq Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, lazımi silah-sursat, texnika alınması, Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, yeni yaradılmış “Komando” silahlı birləşmələri, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Ermənistanın öz qanunvericiliyini normal qaydaya salmasının vacibliyi, sərhədlərimizin qorunmasının daha da gücləndirilməsi, ideoloji risklər, gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasına daha ciddi yanaşma, məktəblərdə uşaqlara aşılanan dəyərlərin əhəmiyyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu azərbaycançılıq məfkurəsi, azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi, ötən 20 il ərzində iqtisadi və sosial sahələrdə qazanılmış nailiyyətlər, texnoloji inkişafın vacibliyi, bərpaolunan enerji sahələrinin inkişafı, neft-qaz nə nəqliyyat sahələrində aparılan işlər barədə fikirlərini bölüşdü.
Cənab Prezident çıxışında onu da bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır və Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Prezident İlham Əliyev bildirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar daha fəal olacağıq. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik.
Dövlət başçısı onu da bəyan etdi ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Bizə bu məsələdə vasitəçi lazım deyil. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.
Jalə Əhmədova -Milli Məclisin deputatı