Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.
Newscenter.az xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.
Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.
Mehman Mehdiyev