Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda yeni nizam strateji tərəfdaş ölkələrin öndərliyində formalaşır

Regionda yeni nizam strateji tərəfdaş ölkələrin öndərliyində formalaşır


Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etdi ki, bizim ailəmiz Türk dünyasıdır: “Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Heç şübhəsiz, dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha vacib xarakter almaqdadır. Xüsusilə, güc mərkəzlərinin nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir mərhələdə türkdilli dövlətlər arasında sarsılmaz birliyin təmin olunması, yeni ittifaq modelinin yaradılması həm də xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq müstəvidə ortaq maraqları qorumaq, ümumi iqtisadi resurslardan düzgün istifadə etmək baxımından önəmlidir.

Türkdilli ölkələrin çoxşaxəli tərəfdaşlığının genişləndirilməsi, inteqrasiyanın sürətləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi fonunda TDT-nin yeni güc mərkəzinə çevrilməsi üçün bütün şərtlər mövcuddur.

Hazırkı geosiyasi situasiya Türk Dövlətləri Təşkilatını qarşıdakı müddətdə yeni güc mərkəzinə çevirməyə əlverişli şərait yaradır. Xüsusilə də, öz ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa edən Azərbaycanın yaratdığı yeni reallıqlar bu baxımdan böyük önəm daşıyır. Bu gerçəkliklərin fonunda Bakı çox mühüm strateji təşəbbüslərlə çıxış edir. Özəlliklə də, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması ilə əlaqədar geosiyasi iradə nümayiş etdirilməsi böyük əhəmiyyətə malikdir.

Azərbaycan və Türkiyə eyni mənəvi-siyasi və geosiyasi çətir altında - Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin strateji maraqlarının təmin olunması, məqsədlərin gerçəkliyə çevrilməsi üçün fəal rol oynayır. Bakı ilə Ankaranın strateji kursu və geosiyasi fəallığı türkdilli ölkələr coğrafiyasında sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət etməklə yanaşı, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradır. Xüsusilə də, qeyd etdiyimiz kimi, vaxtilə coğrafi baxımdan parçalanan Türk dünyasının Zəngəzur dəhlizinin reallaşdırılması ilə bütövlüyü, vahid bir ailə və qüvvə kimi fəaliyyəti təmin olunur. Bu, Türk dünyasının onillikləri əhatə edən probleminin yeni yüzillikdə həllini mümkün edir. Regionda yeni nizam strateji tərəfdaş ölkələrin öndərliyində formalaşır.

Hazırda aktual çağırış təşkilatın sıralarının genişləndirilməsi və qeyd etdiyimiz kimi, iqtisadi, demoqrafik resursların artırılması, ittifaq modelində birgə fəaliyyət mexanizminin yaradılmasıdır. Avropa İttifaqı (Aİ) da eyni siyasi təkamül yolunu keçərək bu gün geoiqtisadi güc mərkəzinə çevrilib. 1951-ci ildə 6 ölkə - Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin yaradılması ilə yeni ittifaqın əsası qoyulub, ortaq fəaliyyət - birgə təşəbbüslər əsasında təşkilatın sıraları zamanla genişləndirilib. Hazırda Aİ-nın sıralarında 30-a yaxın dövlət birləşib. Təşkilatın iqtisadi, maliyyə və ticari imkanları kifayət qədər yüksəkdir. Büdcəsi 19 trilyon dollara, əhali sayı isə 450 milyon nəfərə yaxındır, pul vahidi olan “euro” (avro) dollardan daha dəyərlidir. Bu, təşkilat üzvlərinə kifayət qədər böyük ictimai, siyasi, iqtisadi, demoqrafik - humanitar və strateji imkanlar yaradır.

Müqayisə apardıqda görürük ki, Türk Dövlətlərı Təşkilatı sıralarında 5 dövləti (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) birləşdirir, 3 ölkə (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti) isə müşahidəçi qismində yer alır. Bəzi strateji tədqiqat mərkəzləri belə bir proqnozla çıxış edirlər ki, TDT uzunmüddətli strategiya əsasında fəaliyyətini davam etdirməklə sıralarında 40-a yaxın dövləti birləşdirə bilər. Bu, təbii ki, iqtisadi imkanların - maliyyə büdcəsinin, demoqrafik potensialın da artması deməkdir. Araşdırma mərkəzlərinin təhlillərində belə qənaət ifadə edilir ki, TDT-nin gələcək əhali potensialı 700 milyondan çox, maliyyə büdcəsi isə 55 trilyona yaxın ola bilər ki, bu da eyni göstəricilərdə Avropa İttifaqını geridə qoymaqdır. Üstəlik, nəzərə almaq lazımdır ki, türkdilli ölkələr coğrafiyasında regional bazarın formalaşdırılması imkanları Aİ məkanından daha çoxdur və təşkilata hazırkı üzv dövlətlər birgə iqtisadi inkişafa təkan verəcək sərvətlərlə zəngindir.

Beləliklə, Türk Dövlətlər Təşkilatı timsalında regional ittifaqın yeni güc mərkəzinə çevrilməsi üçün geniş potensial və əlverişli zəmin var. Yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun strateji prioritetlərindən birinin Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılması olması bu kontekstdə həlledici faktordur.

Nurlan Qələndərli-Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş