Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.
Newscenter.az prezident.az saytına istinadən həmin təbrik məktubunu təqdim edir:
Müzəffər Ali Baş Komandan!
Sizi 7 fevral prezident seçkilərində əldə etdiyiniz möhtəşəm qələbə münasibəti ilə səmimi-qəlbdən təbrik edir, növbəti 7 illik prezidentlik fəaliyyəti dövründə xalqımız, dövlətimiz naminə Sizə daha böyük uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram.
Heç şübhəsiz bu qələbə 20 illik ardıcıl, məqsədyönlü, riyazi dəqiqliklə nəticəyə hesablanmış ham daxili, həm da məxsusi olaraq xarici siyasətinizin məntiqi nəticəsi idi.
Möhtərəm Prezident!
Siz ölkə bütövlüyümüzdə yüz illərdir ki, sağalmaz yara təəssüratı yaradan, çözülməsinin hətta xəyal edilməsi belə mümkün olmayan Qarabağ məsələsinin, on illərə sığan böyük səbrdən, qərəzli, tərəf tutan ermənipərəst beynəlxalq siyasi gücləri zərurət yarandığı halda təkzibedilməz hüquqi fakt qarşısında qoymaq üçün zəruri hüquqi baza formalaşdırdıqdan sonra Ordumuza “azad et!” əmrini verib tam həllinə nail oldunuz. Ali Baş Komandan olaraq Zəfərlə başa çatdırdığınız 44 günlük İkinci Qarabağ müharibəsinin həm gedişatında, həm də Qələbə ilə nəticələnər sonluğunda xalqımız təzyiq və etiraz üçün hazır vəziyyətdə olan bədxah niyyətli xarici qüvvələri arqumentsiz vəziyyətdə qoyduğunuzun əyanı şahidi oldular. Həm də onun şahidi oldular ki, Siz beynəlxalq səviyyədə dövlətimizin mənafeyi namınə oyun qaydaları qura bilən mahir siyasətçi, zəfər tarixi yazmağı bacaran sərkərdə, nüfuzlu dövlət xadimisiniz. Bu qabiliyyət və bacarığınızı qələbədən dərhal sonra dövlət başçıları, dünyanın tanınmış, nüfuzlu siyasi xadimləri etiraf etdilər. Bu tarixi-siyasi hadisələr tutarlı siyasi dividend olaraq seçki prosesində özünü biruzə verdi. Xalqımız torpaqlarımızın azad edilməsi uğrunda ətrafınızda necə bir monolit yumruq halında toparlanmışdısa, prezident seçkilərində də eyni qaydada toparlanaraq yekdilliklə Sizə səs verdilər, özlərinin və dövlətimizin gələcək siyasi taleyini Sizin kimi müdrik, uzaqgörən dövlət xadimi ilə bağlamaqla öz vəfa borclarını ləyaqətlə yerinə yetirmiş oldular.
Cənab Prezident!
Hər bir ölkənin həyatında böyük siyasi hadisə olan prezident seçkisindəki tarixi qələbəniz münasibətilə Sizi bir daha təbrik edirəm. Uca Allah yar-yardımçınız olsun, Sizi və ailənizi qorusun!
Dərin hörmət və ehtiramla,
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.