Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regional güc mərkəzindən qlobal güc mərkəzinə çevrilir

Azərbaycan regional güc mərkəzindən qlobal güc mərkəzinə çevrilir


“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə baş tutan görüş bir daha rəsmi Bakının diktə edən tərəf olduğunu, eyni zamanda təklif və təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərdi. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən sonra başda Fransa olmaqla bəzi ermənipərəst dövlətlər Azərbaycan və Ermənistan arasında keçiriləcək hər hansı bir görüş, yaxud danışıqlarda vasitəçi olmağa çalışırdılar, lakin sonda Azərbaycan liderinin siyasi iradəsi və qətiyyəti qalib gəlmiş oldu”.

Bu fikirləri Newscenter.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Münxen görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyəti, uğurlu siyasi gedişləri ilə bu istiqamətdə oyun qurmaq istəyənlərin oyununu Münxen Təhlükəsizlik Konfransında pozmuş oldu:

“İlham Əliyev dünyaya sübut etdirdi ki, hər hansı vasitəçi olmadan da Azərbaycanla Ermənistan müzakirə apara bilər. Əksinə, vasitəçilər İkinci Qarabağ Müharibəsinə qədər daha çox problemin qalmasına çalışıblar. Onun həllinə heç bir fayda verməyiblər. Ona görə də hazırda onlara heç bir ehtiyac yoxdur”.

Ramil Hüseynov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan liderinə olan yüksək ehtiram və hörmət hissindən də danışıb. Bildirib ki, ayrı-ayrı ölkələrin liderləri, hökumət başçıları və transmilli korporasiya rəhbərlərinin İlham Əliyevlə görüşə can atması Azərbaycan liderinə, eləcə də Azərbaycana olan marağın, yüksək ehtiramın göstəricisi idi:

“Bu həm də onun göstəricisidir ki, Azərbaycan liderinin timsalında Azərbaycan dövləti artıq regional güc mərkəzindən qlobal güc mərkəzinə, aktora çevrilir və oyun qaydalarını artıq Azərbaycan müəyyənləşdirir. Necə ki, Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşü fonunda bunu aydın gördük”.

Ramil Hüseynov sonda onu da qeyd edib ki, Azərbaycanın qlobal gücə çevrilməsi heç də asan başa gəlməyib və bu nəticə uzun illər həyata keçirilən uğurlu xarici siyasətin göstəricisidir.

Süleyman
Xəbəri paylaş