"Münxendə Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub. Bundan sonra isə Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında vasitəçilərsiz görüş baş tutub. Göründüyü kimi ikitərəfli görüş Olaf Şoltsun vasitəçiliyindən sonra olub. Bu isə bizə onu deməyə əsas verir ki, Ermənistan hələ də tamamailə müstəqil şəkildə Azərbaycanla dialoqa girmək istəmir".
Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli Münxen görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, amma bu o demək deyil ki, ikitərəfli görüşlər keçirilməyəcək:
"İkitərəfli görüşlər olacaq, lakin burada yalnız vasitəçilərin razılaşdıqları məsələlər müzakirə ediləcək və həll yolları axtarılacaq. Müşahidələr göstərir ki, Ermənistan indiyədək sülh danışıqlarını vasitəçilərsiz aparmaq istəməyib. Çox böyük ehtimalla məğlub vəziyyətini kompensasiya etmək və danışıqlar masasında əlini möhkəmləndirmək üçün Ermənistan hər zaman himayəçiyə ehtiyac duyur. Sülh danışıqlarına vasitəçilərin cəlb edilməsi isə prosesə əlavə maraqların gətirilməsi ilə nəticələnir. Bununla da proses uzanır, mümkün razılıqları əldə etmək çətinləşir".
Süleyman