Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gücünüzü etiraf edirik və artan nüfuzunuz ilə hesablaşırıq”

“Gücünüzü etiraf edirik və artan nüfuzunuz ilə hesablaşırıq”


Bildiyiniz kimi, Prezident İlham Əliyev cari ilin 16-18 fevral tarixlərində Almaniyada 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Mühüm görüşlərlə zəngin olan sözügedən səfər birmənalı olaraq ölkəmizin diplomatiya tarixində əlamətdar hadisə kimi həkk olacaqdır. Əlbəttə ki, zaman-zaman əldə olunmuş uğurları həm siyasi müstəvidə, həm də əhalinin ictimai təfəkküründə təsbit etmək üçün mütləq olaraq ixtisaslaşmış təhlillərin aparılmasına və maarifləndirici izahlara ehtiyac yaranır. Aparılacaq təhlillərdə müxtəlif metodlardan istifadə olunması isə mülahizələrin populyarlaşdırılmasına xidmət edəcəkdir. Prezident İlham Əliyev tərəfindən vətənpərvər gənclərin formalaşdırılması məsələsinə ayrılan xüsusi diqqəti nəzərə alaraq, burada digər metodlarla yanaşı mütləq olaraq elmi-populyar metodlardan da geniş istifadə olunmalıdır. Böyük məzmunu asan dildə cəmiyyətə çatdıran populyar elmi metodlar davamlı ictimai fikrinin formalaşdırılması prosesində əvəzolunmazdırlar.

Qərbdə konkret siyasi hadisələrin təhlili zamanı istifadə olunan ən populyar sosial-psixoloji və politoloji təhlil metodlarından biri məhz biheviorizmdir. İnsanın davranışı (jestlər, mimika, hərəkətlər və s.) üzərindən aparılan bu cür təhlillər vasitəsilə siyasətçilər tərəfindən atılan konkret addımların və qəbul olunan qərarların əsl səbəbləri müəyyən olunur. Böyük siyasətdə bilavasitə siyasətçilər tərəfindən bilərəkdən biheviorizm metodlarından istifadə olunması isə əhalinin ictimai şüurunda konkret məsələlərlə bağlı lazımi stereotiplərin formalaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, Qərbin siyasi texnoloqları biheviorizmin altcərəyanlarından biri hesab olunan “bədən dili” metodlarından olduqca geniş şəkildə istifadə edirlər.

Belə ki, Prezident İlham Əliyevin yuxarıda adıçəkilən konfrans çərçivəsində təşkil olunmuş çoxsaylı görüşlərinin bəzi təsvirlərini məhz “bədən dili” kontekstində təhlil etsək növbəti ümumiləşdirilmiş qənaətə gələ bilərik: “Beynəlxalq ictimaiyyət Azərbaycanın gücünü etiraf edir və ölkənin artan nüfuzu ilə hesablaşır”. “Bədən dili” metodlarına istinadən populyar dildə bəzi mülahizələrimizi qeyd edək.

Burada “bədən dili” metodları kontekstində xüsusi olaraq Almaniya kansleri Olaf Şoltsun masada əyləşmə tərzinə, üzünün cizgilərinə və baxışlarına diqqət yetirmək lazımdır. Alman kansleri diqqətini ayırmadan öz tərəf müqabilinin gözlərinə baxır. Nəzərə alınmalıdır ki, bu metoddan diplomatiyada adətən inandırmaq üçün istifadə olunur. O.Şolts masada onlardan başqa heç kim olmadığına rəğmən sanki nəyisə xəlvət demək üçün Prezident İlham Əliyev tərəfə əyilməsi səmimi mühit yaratmaq istəyindən irəli gəlir. “Bədən dili” kontekstində fotodakı mənzərənin siyasi şərhi budur: Olaf Şolts bütün hərəkətləri ilə nümayiş etdirir və ya inandırmaq istəyir ki, Prezident İlham Əliyev onun üçün çox lazımlı, dəyərli və vacib tərəf müqabilidir. Kanslerin üzünün cizgiləri isə o məzmundadır ki, o hansısa məsələdə Prezident İlham Əliyevi razı salmaq istəyir. Fotonun ümumi mənzərəsi onu göstərir ki, vəziyyəti diktə edən tərəf məhz Azərbaycandır, aparılan danışıqlarda da son söz sahibi yenə də Azərbaycandır.

Burada xüsusi olaraq Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyev tərəfə uzadılmış qoluna diqqət yetirmək lazımdır. “Bədən dili” kontekstində sözügedən mənzərənin izahı budur: Situasiyanı diktə edən tərəf məhz Azərbaycandır, mövcud münasibətlərin qorunub saxlanılmasında isə maraqlı tərəf ilk növbədə Almaniyadır, Azərbaycan deyil. Xatırladaq ki, diplomatiyada isə ümumiyyətlə əlini uzadan kiçik tərəf hesab olunur.

Bu foto bədən dili kontekstində kifayət qədər ifadəli və məzmunludur. Birincisi, Almaniya kansleri daha çox Prezident İlham Əliyevə yaxın duraraq sanki mövcud münasibətlərdə Azərbaycan tərəfini seçdiyini nümayiş etdirmək istəyir. Ermənistanın Baş nazirinin duruşu və baxışı isə birmənalı olaraq “küsülü insan” ifadəsindədirlər.

Burada eyni zamanda Olaf Şoltsun əllərinin vəziyyəti də informasiya baxımından özündə maraqlı məzmun ehtiva edirlər. Kansler öz əllərini elə sıxıb ki, sanki tərəflər bir-birinin əllərini sıxmış kimi dayanıblar. Bununla da Almaniyanın kansleri şüuraltı səviyyədə Avropa ictimaiyyətinə mesaj ötürmək istəyir ki, Azərbaycan-Ermənistan münasibətlərində Almaniya moderator rolunu oynayır. Əslində isə biheviorist nəzəriyyələrə əsasən O.Şoltsun bu jestinin mənası budur: Avropa danışıqlar prosesində öz vasitəçilik rolunu itirməkdən çox qorxur.

Bu fotolarda isə ilk növbədə bir tərəfdən Prezident İlham Əliyevin sərbəst və rahat əyləşməsi, digər tərəfdən isə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi məşhur Con Kerri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borqunun sanki öz rəhbəri qarşısında əlləri sıxılmış şəkildə farağat formasında əyləşmələri diqqət çəkir. Bu cür vizual mənzərə yenə də Prezident İlham Əliyevin gücünün etirafı və ölkəmizin dünyada artan nüfuz ilə hesablaşmasının əksidir.

Politoloq A.Adil
Xəbəri paylaş