Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti görüş keçirilib.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə BŞTİ-nin müdir müavini Anar Məmmədov, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Xətai və Suraxanı rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.
BŞTİ-nin müdir müavini Anar Məmmədov təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib. Müdir müavini təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.
Çıxış edən İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini bildirib, bu baxımdan təhsil işçilərinin üzrərinə düşən vəzifələrdən söz açıblar.
Daha sonra görüşdə fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları, imtahan öncəsi psixoloji hazırlıq barədə məlumat verilib.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində keçirilən sertifikatlaşdırma prosesini uğurla tamamlayan 51-60 bal toplayan müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplayan müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
R.Mehdiyeva