Müasir dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. Eyni tarix, eyni soy-kök, eyni dinin və dilin daşıyıcısı olan xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri hər iki dövlətin Prezidentlərinin səyi ilə müttəfiqlik münasibətlərinə qədər yüksəlib. Bu gün ölkələrimiz arasında mövcud olan möhkəm dostluq, qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirir.
Məhz belə yaxın münasibətləri olan iki dövlətin bir-birinin uğurlarını öz uğuru kimi qiymətləndirməsi və dostluq münasibətlərinə verdiyi töhfə xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Lakin bu münasibətlərə həsəd aparan, Azərbaycan və Türkiyənin güclənməsini və bir-birinə verdiyi yüksək dəstəyi hələ də qəbul edə bilməyən, dövlətlərimizin qüdrətlənməsini istəməyən qüvvələr hələ də qalmaqdadır.
2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Zəfər yürüşümüz zamanı qardaş ölkənin verdiyi mənəvi dəstək misilsiz idi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin müharibənin ilk günlərindən göstərdiyi ədalətli mövqe Azərbaycan xalqının yaddaşlarında əbədi qalacaqdır. Belə ki, müharibəyə Ermənistan tərəfindən daxil olmaq istəyən, düşmənə açıq-aşkar dəstək verən güclər qardaş Türkiyənin sərt mövqeyini hiss edərək bu yanaşmadan çəkindilər. Bizə ən böyük mənəvi dəstəyi verən, haqq-səsimizin dünyaya çatdırılmasında bütün imkanlarını səfərbər etmiş qardaş ölkəyə ədalətli mövqeyinə görə hər zaman minnətdar olacağıq.
Türkiyənin müharibə və postmüharibə dövründə nümayiş etdirdiyi mövqe hər kəsə aydındır, çünki qardaş ölkə bu gün yerləşdiyi regionun deyil, dünyada söz sahibi olan ölkələrdən biridir, regiondakı sabitliyin, sülhün qarantıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan Bəyannamənin tarixi əhəmiyyəti vardır.
Bu gün ölkəmiz qardaş Türkiyə üzərindən Avropaya qaz ixrac edir, bu həm iqtisadi baxımından rentabellidir, həm də Avropanın qaz təchizatçısı kimi ölkəmizin nüfuzuna xüsusi önəm qatır. Məhz artan ticarət dövriyyəsi, qurulan logistik əlaqələr yüklərin daşınmasında rolumuzu ön plana çıxarır.
2024-cü il fevralın 7-də ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilmiş növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin xalqın yekdil iradəsi ilə yenidən dövlət başçısı seçilməsindən dərhal sonra ilk rəsmi səfəri də məhz qardaş Türkiyə Respublikasına oldu. Bu əlamətdar səfər iki ölkə arasındakı münasibətlərə verilən yüksək dəyərin bariz nümunəsidir.
Qarşılıqlı müsbət təcrübələrdən yararlanmaq olduqca mühümdür, Azərbaycan Prezidentinin çıxışında Türkiyənin ordu modelinin ölkəmizdə tətbiq olunması ilə bağlı qeyd etdiyi məqam xüsusilə aktualdır. Belə ki, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı ordumuz tərəfindən yüksək peşəkarlıqla icra edilmiş hərbi əməliyyatlar qəhrəman əsgərlərimizin şücaəti ilə birlikdə bu modelin uğurlu olmasını bir daha nümayiş etdirdi.
Səfər zamanı hər iki dövlət başçısının mətbuata birgə açıqlaması, görüş zamanı imzalanan sənədlər dövlətlərimizin qüdrətlənməsinə, mənafelərinə xidmət edəcək. Türkiyə-Azərbaycan birgə ali təhsil müəssisəsinin qurulması barədə imzalanmış Sazişin isə xüsusilə mühüm əhəmiyyəti var.
Türkiyənin təhsil sahəsində zəngin təcrübəsindən ölkəmizin istifadə etməsinə xüsusilə yardımçı olacaq Universitet dostluğumuzun növbəti rəmzidir. Bu təhsil ocağı xüsusilə də gələcək nəslin vahid dəyərlər ətrafında birləşməsində, milli-mənəvi dəyərlərə və soy kökümüzə bağlı yetişməsində, yad təsirlərdən kənarda qalmasında mühüm rol oynamaqla bərabər, müasir elmin imkanlarından istifadə etməyimizə töhfə verəcək.
Gələcək nəslin ölkəmizi sevdiyi kimi, qardaş Türkiyəyə də hər zaman məhəbbət ruhunda yetişməsi olduqca vacibdir. Bizə hər zaman dəstək verən, bu gün Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı həyata keçirilən diskriminasiyanı ilk pisləyən ölkə məhz Türkiyədir. Haqq-ədalət öz yerini tapmayana, yəni Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli münasibətə son qoyulmayana qədər qardaş ölkə öz dəstəyini nümayiş etdirəcəkdir.
Adil Əliyev, Milli Məclisin vitse-spikeri