Azərbaycan və Böyük Britaniya arasında COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb. Azərbaycan rəsmisi iki ölkə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl” iqtisadiyyata keçid istiqamətində təşəbbüsləri stimullaşdırmaqla yanaşı, Azərbaycanın bəşəri problemlərin həllinə verdiyi önəmin göstəricisidir. Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi Milli Prioritetinə uyğun olaraq bərpa olunan enerji mənbələrindən səmərəli istifadə məqsədilə böyük layihələr həyata keçirilir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilib və bu istiqamətdə işlər görülür.
Nazir müavini bildirib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi ilə yanaşı, dövlət başçısının irəli sürdüyü minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün mühüm platforma rolunu oynaya bilər.
M.Toombs ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini vurğulayaraq, Birləşmiş Krallığın COP-la bağlı təcrübəsini bölüşməyə hazır olduğunu ifadə edib.
Süleyman