Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib.
Newscenter.az-a Mərkəzdən daxil olan xəbərə görə, Daşkənddəki Abdulla Qadiri Xatirə muzeyində baş tutan sərgidə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları, Özbəkistanın mədəniyyət, elm və incəsənət xadimləri, alimlər, universitetlərin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sərginin açılışında çıxış edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistan işğalı altında qalan torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, ordumuzun rəşadəti ilə azad edildiyini və Ermənistan işğalının acı nəticələri barədə məlumat verib. Diplomat hər il Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbək jurnalistlərin, operatorların Azərbaycana, onun işğaldan azad edilmiş bölgələrinə mediaturların təşkil edildiyini qeyd edərək, ötən illər ərzində Azərbaycanda mediaturda olan qardaş ölkənin jurnalistləri ölkəmizə dair onlarla televiziya və radio verilişi, qəzet və saytlar üçün məqalələr hazırlayıblar.
Samir Abbasov qeyd edib ki, “Qarabağda yenidən doğan günəş” adlı fotosərgidə Özbəkistanın tanınmış fotoqrafı Husniddin Atoyev təşkil olunan mediaturda iştirak edərək, işğaldan azad edilən ərazilərimizi gəzərək unikal fotoşəkillər çəkdiyini və sözügedən fotoların sərgidə yer aldığını bildirib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında olan tarixi dostluq əlaqələrindən danışıb, son illərdə ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Səfir Ermənistanın tarixən xalqımıza qarşı işğalçılıq siyasətindən danışıb, Qafqazla yanaşı, Mərkəzi Asiyada da erməni daşnaklarının həyata keçirdiyi qətliamlar barədə məlumat verib.
Sərgidə nümayiş etdirilən fotoşəkillərin müəllifi, tanınmış Özbək fotooperator Husniddin Atoyev Azərbaycana təşkil olunmuş mediatura dair təəssüratlarını bölüşüb. O, Azərbaycanın Ermənistan işğalından azad olunmuş bölgələrini ziyarət edərkən heyrətə gəldiyini və şoka düşdüyünü söyləyib. Ağdam, Füzuli və Şuşa rayonlarında olan Atoyev qeyd olunan ərazilərdə sanki güclü dağıdıcı zəlzələ baş verdiyini, Azərbaycan xalqının min illərlə yaratdığı şəhər və kəndlərin viran edildiyini vurğulayıb. O qeyd edib ki, əbəs yerə xarici jurnalistlər Ağdamı “Azərbaycanın Xirosiması” adlandırmırlar.
Fotooperator Husniddin Atoyev bildirib ki, sərgiyə çıxarılan fotolar ümumi fotoşəkillərin seçilmiş bir hissəsidir. Gələcəkdə o, Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə Azərbaycana və Qarabağ mövzusuna dair çəkilmiş fotoşəkillərin əsasında yeni-yeni sərgilərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
“Qarabağda yenidən doğan günəş” adlı fotosərgi cari il 27 fevral tarixinə qədər Daşkənddə tarixi muzeydə nümayiş etdiriləcəkdir.
Sonda iştirakçılar 2020-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Turon kitabxanasında yaradılan Qarabağ guşəsini ziyarət etmişlər.
Guşəyə 5 dildə hazırlanmış «Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı» adlı ensiklopedik kitab və Özbəkistanda hazırlanmış poçt markası hədiyyə edilib.
Süleyman İsmayılbəyli