Deyəsən Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşü təkcə Fransa deyil, eyni zamanda Rusiyanı da narahat edib. Əks təqdirdə Rusiya xarici siyasət idarəsi rəhbərliyində təmsil olunan bəzi şəxslər tərəfindən Azərbaycanı təhdid edən açıqlamalar səslənməzdi.
Belə ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bir neçə gün bundan əvvəl Azərbaycanla bağlı təhlükəsizliyimizi təhdid edən açıqlama verib. O, Qarabağda Rusiya "sülhməramlı" qüvvələrinin qalmasını və ermənilərin Qarabağa geri dönməsini vacib sayıb. O, hətta ölkəmizi "etnik təmizləmədə" iddiham edən fikirlər söyləyib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya Cənubi Qafqazdan getmək istəmir və Qarabağda öz hərbiçilərini 2025-ci ildən sonra da saxlamaq planına malikdir:
"Rusiyanın ermənilərin Qarabağa qayıtmasını gündəmə gətirməsi, əsasən burada daimi qalıcılığını qoruyub saxlamaq niyyətindədir. Amma, ermənilər də Qarabağa qayıtmaq istəmir. Həmçinin, Ermənistan hakimiyyəti də ermənilərin Qarabağa qayıtmasında maraqlı deyil".
Politoloq deyib ki, Rusiya regionda qalmaq üçün Azərbaycana müxtəlif istiqamətlərdə təzyiqlər edəcək:
"Məhz Ermənistan tərəfindən sərhəddə Zəngilan istiqamətində də atəşkə Rusiyanın "xeyir -duasi" ilə pozulmuşdur. Rusiya öz hərbiçilərini Qarabağda daima saxlamaq və Ermənistanla sülh müqaviləsinin bağlanmaması üçün əlində olan rıçaqları işə salacaq. Təbii ki, Azərbaycanla Türkiyə arasında ortaq siyasət həyata keçirilməsi, Moskvanın artan təzyiqlərini neytrallaşdırılmasına gətirib çıxara bilər".
Süleyman