Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Ərəb Parlamentinin sədri ilə görüşüb

Sahibə Qafarova Ərəb Parlamentinin sədri ilə görüşüb


Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyən spiker Sahibə Qafarova bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin Ərəb Parlamenti ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində də maraqlı olduğunu bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin sədri Əl-Asuminin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə əlaqədar fevralın 13-də AŞPA prezidenti Teodoros Rusopulosa məktubla müraciət etməsinin və bu qərara yenidən baxılmasına çağırmasının Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun dost münasibətinin bir təzahürü olduğunu diqqətə çatdırıb.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində münasibətlərdən danışan Milli Məclisin sədri qonağın 2022-ci ildə bu təşkilatın Bakıda keçirilmiş I Konfransında iştirakını və fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etməsini məmnunluqla qeyd edib. Spiker Sahibə Qafarova Ərəb Parlamenti tərəfindən QHPŞ-yə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbulunun da yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı Milli Məclisin sədri təəssüflə bildirib ki, bu gün dünya siyasətində ikili standartların mövcudluğu bir sıra regional münaqişələrin həllinə böyük problem yaradır. Spiker Sahibə Qafarova Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi, bununla da BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etməsi, hazırda sülh prosesinin gedişi barədə də məlumat verib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü plenar sessiyasında müzakirə olunacaq məsələlərin üzv dövlətlər üçün əhəmiyyətindən danışıb.

Ərəb Parlamentinin Milli Məclislə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən qonaq Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləməyə hazır olduqlarını deyib. O, Azərbaycanın QHPŞ-də fəaliyyətini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Azərbaycanda azad və şəffaf şəraitdə müvəffəqiyyətlə keçirilmiş Prezident seçkiləri münasibətilə təbriklərini çatdıran qonaq bu seçkilərdəki seçici fəallığının digər ölkələrə nümunə olduğunu vurğulayıb.

Görüşdə Ərəb Parlamentinə üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və digər mövzularda da fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş