Neçə gündür ki, cəmiyyətdə əsas müzakirə mövzusu paytaxtın 156 saylı orta məktəbinin şagirdlərinin yayılan görüntülərdir. Düzdür, baş vermiş hadisə təhsil müəssisəsindən kənarda qeydə alınsa da, bütün halda bu cür şagird tərbiyəsində məktəbin də məsuliyyət daşıdığı qaçılmazdır.
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, 156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinifdən məzun olan qıza qarşı tərbiyəsizliyinin, qeyri-etik və alçaldıcı hərəkətlərinin bütün cəmiyyət tərəfindən sərt şəkildə qınanılması təbiidir. Onun sözlərinə görə, belə hadisələr baş verdikdə təsirli tədbirlər görülməsi vacibdir:
"Özünü kriminal ünsürlər kimi aparan XI sinif şagirdinin bullinq hərəkətləri heç şübhəsiz ki, cəzasız qalmayacaq. Hüquq-mühafizə orqanlarımızın dərhal hərəkətə keçməsi və fakt üzrə cinayət işinin qaldırılması bənzər zorakılıqların bundan sonra da baş verməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.
Biz baş vermiş acınacaqlı olaya görə məktəbi qınamağa tələsməməliyik. Yayılan videogörüntülərdən də hiss olunur ki, sözügedən yeniyetmə qızın bunca özbaşınalığa və şiddətə meylli olmasının kökü məktəbdən yox, ilk növbədə ailədən qaynaqlanır".
Komitə sədrinin qənaətincə, valideynlər məktəbli övladlarına münasibətdə daha diqqətli və məsuliyyətli olmalıdırlar:
"Ailələr övladlarına zorakılığa meylliliyi yox, insanlara qarşı sevgini, sayğını aşılamalıdırlar. Potensial mənəvi deqradasiyanın qarşısını yalnız bu yolla almaq mümkündür".
Süleyman