Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünü faydalı hesab etsəm də, bu görüşün ciddi və uğurlu nəticələr verəcəyini gözləmirəm. Ümumiyyətlə mən Ermənistanla Azərbaycan arasında normallaşma və sülh prosesinin hər hansı bir vasitəçinin iştirakı olmadan birbaşa aparılmasının tərəfdarıyam.
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, vasitəçilərlə danışıqlar və təmaslar İrəvanın maraqlarına uyğundur və daha çox iştirakçı cəlb etməklə prosesi ləngitməyə, mürəkkəbləşdirməyə çalışır:
"Azərbaycanın sülh gündəliyi aydındır və bu təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün deyil, bütövlükdə Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik üçün əhəmiyyətlidir. AB hansısa formada bu prosesdə iştiraka can atır. Fransanın cəhdləri fiaskoya uğradı. Almaniya əgər tərəfsiz olarsa və həqiqətən də sülhə tövhə vermək niyyətindədirsə, o zaman ilk növbədə İrəvanı silahlanmadan, təxribat əməllərindən çəkindirməli, həmçinin destruktiv hərəkətlərini pisləməlır. Eyni zamanda Paşinyanı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə məcbur etməlidir. Təhlükəsizlik məsələləri çox geniş sahəni əhatə edir. Bura həmçinin humanitar, qarşılıqlı etimad, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın minalarla çirklənmiş ərazilərinin təmizlənməsi, məcburi köçkünlərin yerləşdirilməsi, itkin düşmüşlərin taleyinə aydınlıq gətirilməsi və s kimi faktorlar da aiddir. Ermənistan isə indiyədək bütün bunlardan yayınır".
Süleyman