"Fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfəri qardaş Türkiyəyə oldu. Bu, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin təzahürü olmaqla yanaşı, təkcə bölgə üçün deyil, həm də Avrasiya üçün önəmli amilə çevrilmiş Türkiyə-Azərbaycan birliyinin dünyaya növbəti nümayişi idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova dövlət başçısının Türkiyəyə səfərini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bu səfər çərçivəsində fevralın 19-da Ankarada mətbuata verdiyi bəyanat önəmli mesajlarla yadda qaldı:
"Ölkə başçımız bildirdi ki, Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır.
Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Bu gün Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək:
"İki ölkənin birgə həyata keçirdiyi layihələrdən də danışan dövlət başçımız diqqətə çatdırdı ki, nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır və rekord həddə - 7,5 milyard dollara çatıb.
Prezident İlham Əliyev enerji layihələrinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Dövlət başçımız bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsi, hərbi sahədə işbirliyi, müdafiə sənayesi sahəsində yeni imkanlar, təhsillə bağlı imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” barədə də fikirlərini bölüşdü. Cənab Prezident vurğuladı ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir".
Millət vəkili onu da deyib ki, səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” isə iki qardaş ölkənin iqtisadiyyatlarının daha da inkişafı üçün mühüm töhfədir:
"Səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında Azərbaycana bir daha dəstəyini ifadə etdi. Qardaş Türkiyənin dövlət başçısı Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlar qərar ləğv edilənə qədər Azərbaycana dəstəyi və bu istiqamətdəki səylərini davam etdirəcəklərini bəyan etdi. Cənab Ərdoğan onu da vurğuladı ki, “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”.
Süleyman