Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Silahlı Qüvvələrimiz hərbi potensialını daha da artırır

Silahlı Qüvvələrimiz hərbi potensialını daha da artırır


"Azərbaycan-Ermənistan sülh danışıqları fonunda Fransanın tutduğu mövqe hər kəsə bəllidir. Rəsmi Parisin region üzrə həyata keçirdiyi xarici siyasət kursu bölgənin təhlükəsizliyi və sülhün təmin olunmasında ən böyük əngəllərdən biridir. İrəvan hakimiyyəti adını çəkdiyimiz ölkədən siyasi dəstək almaqla yanaşı, hərbi dəstək almaqdada davam edir. Təbii ki, Fransa faktoruna arxayın olan Paşinyan və komandası, məğlub tərəf olduqlarını unudaraq erməni cəmiyyəti üçün də eyni situasiyanı formalaşdırmaq istəyir və xalqı müdafiə son zərurətdir prinsipi ilə yenidən militarist düşüncələrə fokuslamağa çalışır".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfərini şərh edərkən səsləndirib. AVP rəsmisi bildirib ki, onlar bunu Azərbaycan Ermənistan torpaqlarını işğal etmək istəyir kimi absurd tezislər üzərindən icra edirlər:

"Aydındır ki, bu məntiq və ağılın tək ünvanı İrəvan deyil. Müstəqil xarici siyasət anlayışından kənar olan Ermənistan hakimiyyəti Cənubi Qafqazda maraqları olan güclərin çəkdiyi yol xəritəsi üzrə hərəkət edir və məhz bu səbədən uzlaşmaz ritorikadan çıxış etməkdə davam edir. Fransada səfərdə olan Nikol Paşinyan Makronla görüşündən sonra yenidən qucaq dolusu vədlərlə ölkəsinə qayıdır. Fransa-Ermənistan əlaqələrindən bəhs edən Makron isə, ikincini silahlandırma prosesinin davam edəcəyini bir daha vurğuladı. Görünür ki, Paris-İrəvan ikilisi bir müddət daha təhlükəli sularda üzməyə davam edəcəklər".

Pərviz Mirizadə deyib ki, Azərbaycanda öz hərbi potensialını durmadan artırır:

"Cənab prezident İlham Əliyevin ordu quruculuğu prosesinə həssaslıqla yanaşması və hər çıxışında bunu ifadə etməsi göstərilən diqqətin bariz nümunəsidir. Ermənistandan fərqli olaraq biz bu işi hər hansı bir düşmənçilik, ədavət üzərindən qurmuruq. Lakin qarşı tərəf silahlanma tendensiyasını ənənəvi prinsiplər, Türk-Azərbaycan düşmənçiliyi üzərindən həyata keçirir və öz cəmiyyətinə bu cür təqdim edir. Son baş verən hadisələr, şərti sərhəd boyu ard-arda təxribatların törədilməsi onlarin hələ də düşmənçiliyi davam etdirmək istəyindən irəli gəlir və Ermənistan ordusunun silahlanma prosesi fonunda təxribatlarını artıracağı istisna deyil".

Pərviz Mirizadə onu da vurğulayıb ki, bu baxımından ölkə rəhbərliyinin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi işlər, silahlanma istiqamətində müxtəlif hərbi- texniki avadanlıqların alınması ilə bağlı tərafdaş ölkələrlə müqavilələrin bağlanması müstəsna əhəmiyyətə malikdir:

"Bu baxımdan son günlər ard-arda xoş xəbərlər alırıq. "Akıncı" pilotsuz uçuş aparatlarının silahlanmaya qəbul edilməsi və ardınca Serbiyadan "Nora B-52" artilleriya sistemlərinin alınması silahlı qüvvələrin döyüş potensialını əhəmiyyətli dərəcədə artıracaq faktordur. Bununla paralel ölkəmiz üçün əhəmiyyətli olan daha bir məlumat diqqətimi çəkdi ki, bu da Pakistan-Çin ortaq istehsalı "JF 17 Blok-III" döyüş təyyarələrinin alınmasıdır. Məlumata əsasən rəsmi Bakı və İslamabad məlum döyüş təyyarələrinin alınması ilə əlaqədar 1.6 milyard dollar dəyərində müqavilə imzalayıb. Ölkəmiz artıq uzun müddətdir ki, JF 17- lərlə maraqlanırdı və bu istiqamətdə danışıqlarda aparılırdı. Lakin silahı qüvvələrimiz üçün lazım olan məhz "Blok-III" versiyası idi. Çünki öncəki iki versiyanın texniki göstəriciləri bizim üçün o qədər də diqqət çəkən deyildi. Lakin Pakistan və Çin hökumətləri bu təyyarələri inkişaf etdirməkdə davam etdi və ən son variantı bir neçə il öncə tanıdılan "Blok-III" versiyası oldu. Müasir "JF 17 Thunder Blok-III" qırıcıları AESA radar texnologiyasına , uzaq mənzilə, radar kəsişməsi azaldılmış və inkişaf etmiş avionik sistemlərə sahib çox rollu döyüş təyyarəsidir. Xatırlatmaqda fayda var ki, Hərbi Hava Qüvvələrinin təyyarə parkının modernizasiya və yenilənməsi təkcə bununla yekunlaşmır. Silahlanmada ola "Su 25" qırıcılarının qardaş ölkə Türkiyə tərəfindən əsaslı modernizasiyaya tabe tutulması, onlara NATO standartlarında ağıllı bombalar atmaq qabiliyyətinin qazandırılması digər vacib məqamlardan biridir. Bundan əlavə bir neçə il öncə cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı Leanardo şirkətinin istehsalı olan "M 346" təlim döyüş təyyarələrinin alınması ilə bağlı iki ölkə arasında müqavilənin bağlanması görülən işlərin davamlılığının göstəricisidir. Ayrı-ayrı istiqamətlər üzrə ordunun modernizasiyası üzrə görülən işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Qlobal Fırepower kimi nüfuzlu hərbi araşdırmalar mərkəzlərinin araşdırmalarında durmadan inkişaf edən ordular sırasında yer alır.

Bu, Ali Baş komandan İlham Əliyev faktorunun yaratdığı reallıqlarıdır. Ermənistan hərbi-siyasi rəhbərliyi mövcud reallığı dərindən dərk etməli, hərbi gərginliyi artıracaq addımlardan çəkinməlidir. Onlar Azərbaycanın lehinə olan güc balansını dəyişmək iqtidarına sahib deyillər".

Süleyman
Xəbəri paylaş