"Təəssüflər olsun ki, insan ölümü, qana susamış bir çox dövlətlər Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratmaq, bu regionu poliqona çevirmək istəyirlər. İstər Fransanın, istər Avropa İttifaqının, istərsə də regionda marağı olan digər dövlətlərin davranışlarında bu aydın şəkildə müşahidə edilir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Fransanın Ermənistanı yenidən silahlandırması, Avropa İttifaqının mülki missiyasının getdikcə səlahiyyətlərini aşması bütün bunları deməyə əsas verir:
"Bütün bunların üzərinə Ermənistanın son günlər müntəzəm olaraq şərti dövlət sərhədində təxribatlar həyata keçirməsini də əlavə etsək, gördüyümüz mənzərə ondan ibarətdir ki, başda Fransa olmaqla Avropanın bəzi dövlətləri, ümumən Avropa İttifaqı Ermənistanı Azərbaycana qarşı yeni bir müharibəyə hazırlayır. Daha doğrusu Avropa Ermənistanın timsalında yeni bir Ukrayna ssenarisi hazırlayır".
İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki, Ermənistan da bu ssenarinin oyunçuları sırasında yer alır. Baxmayaraq ki, oyunun sonu heç də onun üçün yaxşı olmayacaq:
"Ermənistan açıq-aşkar tarana gedir. İrəvanın Fransa və Avropa İttifaqının oyunana qoşularaq yeni müharibəyə hazırlaşması bu ölkənin özünə sui-qəsd cəhdidir. Ən azı Ukrayna təcrübəsindən nəticə çıxarmalıdır. İki ildir bütün Avropa və Amerika Ukraynaya hərtərəfli dəstək verməsinə, onu ən müasir silahlarla silahlandırmasına baxmayaraq Kiyev Rusiyaya qarşı mübarizədə ciddi nəticə əldə edə bilmir. O ki qaldı Ermənistan Azərbaycana qarşı başladığı yeni müharibədə nəsə əldə edə bilsin. Digər tərəfdən, Rusiyadan fərqli olaraq Azərbaycan əksər Avropa ölkələri ilə çox sıx əlaqələrə malikdirlər. Ona görə də Avropada yalnız Fransa, eləcə də barmaqla sayıla biləcək 1-2 ölkə Ermənistana hərbi yardım edə bilər. Bütün bunları nəzərə alaraq Ermənistan intihar etməkdən yayınmalıdır".
Süleyman