Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova Estoniyada səfərdə olub

Deputat Jalə Əhmədova Estoniyada səfərdə olub


Milli Məclisin üzvü, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri olaraq cari ilin 19-21 fevral tarixlərində Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu rəhbərinin dəvəti ilə Estoniyaya rəsmi səfərim baş tutdu.

Səfər çərçivəsində Estoniya Parlamentinin (Riigikoqu) vitse-spikeri cənab Yüri Ratas tərəfindən qəbul edildim. Cənab Y.Ratas iki ölkə arasında uğurla inkişaf edən parlament diplomatiyasının davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, bu səfərin əlaqələrimizin daha da inkişafına xidmət edəcəyini vurğuladı. Estoniya Parlamentinin (Riigikoqu) vitse-spikeri cənab Yüri Ratasa qəbula görə öz təşəkkürümü bildirdim. İki ölkə arasında parlamentlərarası əlaqələrin müsbət dinamika üzrə inkişaf etdiyini, bu tendensiyanın bundan sonra da davam edəcəyinə ümidvar olduğumu söylədim.

Bölgəmizdə sülhün bərqərar olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq Estoniya iş adamlarını işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak etməyə dəvət etdim. Ölkəmizdə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən bəhs etdim və Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını vurğuladım. Bununla yanaşı, Ermənistan tərəfinin 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində çoxlu sayda mina basdırıldığını, bunun nəticəsi kimi işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpası və vaxtilə məcburi köçkün olmuş soydaşlarımızın tezliklə öz dədə-baba yurdlarına qayıtmasına əsas maneə yaratdığını diqqətə çatdırdım. Ermənistanın bu hərəkətləri nəticəsində ölkəmizin dünyada minalardan ən çox çirklənmiş dövlətlərdən biri kimi bu sahədə ən az beynəlxalq yardım və dəstək alan ölkələr sırasında olmasını xüsusi olaraq qeyd etdim.

Cənab Y.Ratas 2022-ci ildə Azərbaycana etdiyi rəsmi səfəri zamanı işğaldan azad olunmuş Şuşada gördüyü bərpa-quruculuq işlərini xatırlayaraq, mina probleminin hələ də mövcud olmasından təəssüfləndiyini ifadə etdi. Səfər çərçivəsində, həmçinin Estoniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi xanım Marge Mardisalu-Kahar tərəfindən qəbul edildim. Xanım M.Mardisalu-Kahar parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfindən sədrinin hazırkı səfərinin iki ölkə arasında diplomatik münasibətlərin inkişafına önəmli töhfə verəcəyinə inamını ifadə edərək Estoniyanın daima Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdi. Görüş zamanı öz növbəmdə iki ölkə arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdim, bu əlaqələrin gələcəkdə də davam etdirilməsinin önəmini vurğuladım. Qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edərək Estoniya xarici işlər nazirinin Azərbaycana mümkün səfərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verə biləcəyini bildirdim. Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – (COP 29) cari ilin noyabr ayında Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə növbəti uğuru kimi vurğulandı.

Səfər zamanı Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya tərəfindən olan nümayəndə heyəti ilə də görüşdüm. Estoniya Parlamentinin Xarici işlər üzrə komissiyasının sədr müavini cənab Henn Pılluaasın da iştirak etdiyi görüşdə, Estoniya işçi qrupunun sədri xanım Riina Solman bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əlavə təkan verəcəyini bildirərək səfər çərçivəsində keçiriləcək digər görüşlərin də iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə etdi. Səmimi dostluq münasibətinin hökm sürdüyü görüşdə R.Solmana dəvət məktubuna görə öz təşəkkürümü bildirdim və bu səfərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə ümidvar olduğunu ifadə etdim. Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanın AŞPA-da iştirakını dayandıran qətnamənin qəbulunun ölkəmizə qarşı qərəzli yanaşma, iclasda vurğulanan məsələlərin sırf Azərbaycanın daxili işlərinə müdaxilə olunması kimi dəyərləndirildiyini qarşı tərəfin diqqətinə çatdırdım. Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri R.Solman qeyd olunan məsələnin və bundan irəli gələn narazılığın anlayışla qəbul olunduğunu bildirərək, ölkələrimiz arasında mövcud olan etibarlılıq münasibətlərinin bundan sonra da davam edəcəyinə, parlamentlərarası əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə öz inamını ifadə etdi.

Görüşün sonunda, qarşılıqlı olaraq Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərini Azərbaycana səfərə dəvət etdim.

Onu da qeyd edim ki, Estoniyaya səfərim çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov da iştirak edib.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş