Azərbaycan və Türkiyənin gücünün artması bəzi ölkələri həqiqətən də ciddi şəkildə narahat edir. Həmin ölkələrin sırasında isə ilk yerdə məhz Fransa gəlir. Bu ölkə (daha doğrusu, bu ölkənin prezidenti və siyasi elitası) Azərbaycanın qələbələrini, Türkiyənin isə iqtisadi uğurlarını və hərbi gücünü heç cürə həzm edə bilmir. 7 fevral prezident seçkilərində İlham Əliyevin məhz Xankəndidə səs verərək qutuya atdığı bülleteni “erməni separatizminin tabutuna vurulan sonuncu mismar” adlandırması və seçkidən sonra da ilk rəsmi dövlət səfərini Türkiyəyə etməsi Makronun və onun “mavi” nazirlərinin yuxusuna sözün əsl mənasında haram qatıb. Makron Türkiyə-Azərbaycan birliyinə mane olmaq üçün əlindən gələni edir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya işgüzar səfərinin gedişində Fransa prezidenti Emmanuel Makronun Ermənistana diqqətinin artırılacağını bildirməsi və “Fransa Ermənistana hərbi dəstəyini davam etdirəcək” bəyanatı ilə çıxış etməsi də ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mətbuata bəyanatla çıxış etdiyi zaman “Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik” açıqlamasını verməsinə cavab olaraq nəzərdə tutulub.
Makron sözügedən bəyanatında Fransanın həmçinin Cənubi Qafqazda sülhün bərqərar olması üçün vasitəçilik missiyasını genişləndirəcəyini vurğuladı. Hərçənd ki, o, yaxşı bilir ki, Fransa lap çoxdan vasitəçilik etimadını itirib. Biz Fransanın istər 44 günlük müharibə dövründə, istərsə də son 4 ildə regionda gərginlik və qarşıdurma yaratdığını, Ermənistanı revanşizmə həvəsləndirdiyini, burada özünün geosiyasi maraqlarını təmin etməyə çalışdığını daim müşahidə etmişik. Fransa Avropa İttifaqındakı (Aİ) təsir gücündən də istifadə etməklə regionda qalıcı sülhün bərqərar olmasına hər vasitə ilə mane olub.
Bir sözlə, Makron Fransasının bölgədəki siyasəti sülhə deyil, qızışdırıcılığa xidmət edib. Ona görə də Fransanın vasitəçilik etməyə mənəvi haqqı yoxdur. Biz Fransanı vasitəçi kimi dəvət etməmişiksə, Makron özünü çağırılmamış qonaq qismində apara bilməz. Afrikada vasitəçilik adı altında qanlı hadisələrə səbəb olan və nəhayətdə qara qitədən rüsvayçı şəkildə qovulan Fransanın bu gün gəlib Cənubi Qafqazda geosiyasi oyunlarla məşğul olmağa can atması əslində fransız dövlətçiliyinin faciəsidir.
Prezident İlham Əliyevin inaqurasiya mərasimində etdiyi çıxışında məhz Fransa başda olmaqla Azərbaycanı hədəfə alan bütün neoimperialist, neokolonialist güclərə göndərdiyi mesajı Makronu da, onun Aİ-dəki əlaltılarını da, Ermənistan rəhbərliyini də məkrli planlarından çəkindirməlidir. Dövlətimizin başçısı həmin çıxışında vurğuladı ki, “bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”. Bu, kifayət qədər aydın və konkret mesajdır. İlham Əliyevin mesajı Fransaya ünvanlanmış açıq xəbərdarlıqdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri