2024-cü ilin yanvar ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 58 təlim keçirilib. Bu təlimlərdə 593 nəfər iştirak edib.
Ötən ay biznesin müxtəlif istiqamətləri üzrə sahibkarlara və biznesə başlamaq istəyənlərə 154 məsləhət xidməti göstərilib.
Newscenter.az xəbər verir ki, Agentliyin KOB inkişafı mərkəzlərinin dəstəyi ilə sahibkarlar, startaplar və yeni biznesə başlamaq istəyənlər üçün kənd təsərrüfatı, qida, turizm və digər sahələr üzrə 109 biznes plan hazırlanıb.
2023-cü ildə isə KOBİA tərəfindən 952 biznes təlim təşkil olunub. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib. Bu dövrdə satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1918 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. Ümumilikdə, 2023-cü il ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 13818 KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
Ötən il KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 697 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 2023-cü ildə 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Süleyman