Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Estoniyada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib-FOTOLAR

Estoniyada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib-FOTOLAR


Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Jalə Əhmədova Estoniyaya səfəri çərçivəsində bu ölkənin paytaxtı Tallində yerləşən İşğal və Azadlıq Muzeyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində iştirak edib.
Bu barədə Newscenter.az-a məlumat verən Jalə Əhmədova deyib ki, anım tədbirinə Estoniya Parlamentinin deputatları, Türkiyə, Qazaxıstan, Moldova, Çin, Braziliya və Şimali Makedoniyanın bu ölkədəki səfirləri, həmçinin digər diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai xadimlər, elm adamları, diaspor nümayəndələri və gənc fəallar qatılıb.

Millət vəkili qeyd edib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib:

“Sonra Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verdi. Diplomat bildirdi ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edən səfir bu hadisələrin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirtdiyi etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğuladı.

Hər il dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların Xocalı soyqırımı şəhidlərinin xatirəsini yad etmək üçün bir araya gəldikləri və əlamətdar hal olaraq, bu il anım tədbirinin Azərbaycanın bütün suveren ərazilərində, eyni zamanda, işğaldan azad edilmiş Xocalıda da keçirildiyi xüsusi qeyd olundu.

Vurğulandı ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət cəzasız qalmamalı və dünya ictimaiyyəti tərəfindən pislənməlidir. Bir çox ölkələr tərəfindən artıq dövlət və ya parlament səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu qanlı cinayətin pislənildiyi iştirakçıların diqqətinə çatdırıldı. Bu baxımdan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən bu soyqırımını qınayan bəyanatın hər il qəbul edilməsinin önəmi vurğulandı.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının artıq ədalət zəfəri çaldığı da xüsusi qeyd edildi.

Bu qanlı terror aktının törədilməsindən 30 ildən çox vaxt keçdikdən sonra Xocalı şəhərinin artıq işğaldan azad olunaraq yenidən bərpa edildiyi, dirçəldiyi diqqətə çatdırıldı”.
Jalə Əhmədova bildirib ki, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Riina Solman Xocalıda törədilmiş bu qətliamı insanlığa qarşı qanlı cinayət kimi qiymətləndirib, Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən bəyanatın vacibliyini və önəmini vurğulayaraq bəyanatın mətnini oxuyub:

“Estoniya ilə Azərbaycan arasında siyasi müstəvidə mövcud olan münasibətləri yüksək qiymətləndirən Riina Solman bu günlərdə Estoniya Prezidenti Alar Karisin seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu bunun bariz nümunəsi olduğunu bildirdi”.

Jalə Əhmədova diqqətə çatdırıb ki, Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq çıxışında insanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsinin dünya tarixində görünməmiş soyqırımı aktı olduğunu vurğulayıb. Millət vəkilin iştirakçıların diqqətinə çatdrıb ki, bütün dünya ölkələri bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı həyata keçirildiyini və soyqırımın günahkarlarının beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını bildirib:

“Çıxışımda Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən qəbul edilmiş bu soyqırım aktını pisləyən bəyanatı yüksək qiymətləndirdiyimi diqqətə çatdırdım. Bunu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq müstəvidə həyata keçirilən tədbirlərin davamı kimi səciyyələndirdim.

Qeyd etdim ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və həmin faciə azərbaycanlıların yaddaşında əbədi olaraq qalacaq”.

Millət vəkili deyib ki, sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi və Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto-sərgi nümayiş olunub.
Həmçinin Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış broşürlər, nişanlar və kitablar tədbir iştirakçılarına paylanılıb.

“Yüksək səviyyədə təşkil olunan tədbiri Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın təzahürü kimi dəyərləndirir, Estoniya Parlamentinə və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmova dərin təşəkkürlərimi bildirirəm”,-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş