Bir neçə gün əvvəl Krımın Rusiya tərəfindən işğal olunmasının 10 ili tamam oldu. 2014-cü ilin fevral ayında Krımın işğalından sonra bütün dünya praktik olaraq yekdilliklə Krımın Rusiya tərəfindən işğal olunmasını qınayan mövqe sərgiləsə də sonradan sanki bu reallıqla barışdı ki, bu da 2022-ci ildə Rusiyanın Ukrayna ərazilərinin daha böyük hissəsinin işğalı ilə nəticələndi.
Newscenter.az xəbər verir ki, yaxın tarixə nəzər salan politoloq Yusif Bağırzadənin sözlərinə görə, bu gün dünyanın böyük əksəriyyəti təbii olaraq Moskvanın beynəlxalq hüququ kobud şəkildə pozması ilə razılaşır:
"Heç kəs şübhə etmir ki, hüquqi nöqteyi-nəzərdən Krım Ukraynaya məxsusdur. Krımın işğaldan azad edilməsi və Ukraynanın suverenliyi altına geri qaytarılması siyasi və hüquqi aspektlərdən başqa, həm də güclü mənəvi imperativə malikdir.
Lakin məsələ ondadır ki, bu gün Ukraynanın Krımı geri qaytarmaq üçün imkanları yetərincə deyil. Təbii ki, biz zaman-zaman Ukrayna tərəfinin Krım körpüsünü və Krımın dərinliklərini hədəf alan zərbələrinə, bu istiqamətdə əməliyyatlara şahidlik edirik. Amma bunlar kifayət qədər güclü həmlələr deyil".
Əgər nəzərə alsaq ki, Krım Rusiya qruplarının döyüş qabiliyyətinin saxlanılmasında mühüm rol oynayır o zaman deyə bilərik ki, Rusiya işğal altında olan hər hansı ərazilərdən geri çəkilsə belə Krım üçün sonacan dirəniş göstərəcək. Bu gün Xerson və Zaporojye vilayətlərində fəaliyyət göstərən rus qoşunlarının təchizatının 60 faizi Krım yarımadası vasitəsilə təmin edilir. Təchizat xətləri Krımdan gedir, orada idarəçilik məntəqələri, maddi-texniki təminat bazaları və sursat anbarları yerləşir".
Politoloq deyib ki, məhz Krımdakı hərbi aerodromlar Rusiyanın cənubi Ukraynadakı əməliyyatlarının əsas logistika qovşağına çevrilib:
"Bura eyni zamanda hücum helikopterlərinin bazası rolunu oynayır. Eyni şəkildə Rusiya Ukrayna əhalisinə qarşı istifadə etdiyi “Kalibr” kruiz raketlərinin çoxunu Qara dəniz sularından – Krım sahillərindən atır.
Başqa sözlə desək Krım bu gün Rusiay üçün olduqca həlledici əhəmiyyətə malikdir. Odur ki, həmin ərazilərin işğaldan təmizlənməsi və Ukraynanın suverenliyi altına qaytarılması heç də Boris Consonun dediyi qədər asan məsələ deyil.
İndiki zəif durumda, Qərbdən dəstəyin böyük ölçüdə zəiflədiyi bir vaxtda Ukrayna ən yaxşı halda Kerç körpüsü və ona yaxın istiqamətlərdə yerləşən obyektlərə zərbələr endirə bilər".
Süleyman