Tarix unudulmur. Tarix yaşadılır.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda gedən ədalətsiz müharibənin ağrı-acıları da yaşadılır. İllərlə gənclər hərbi xidmətə döyüş əzmi ilə gedib, onlar da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşənlərin sırasında olmaq istəyib. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın ərazisində neçə-neçə faciə törətdi. Dünya ictimaiyyəti bu faciələrə ciddi münasibət bildirmədi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində qətliam törətdi, yüzlərlə insan qətlə yetirildi, yaralandı, əsir aparıldı...
2020-ci ilin senytabr-noyabr aylarında gedən döyüşlərdə - Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın rayonları işğaldan azad edildi. 2023-cü ilin 20 sentyabrında Əsgəran,Ağdərə, Xocalı rayonları, Xankəndi şəhəri işğaldan azad olundu.
Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, Xocalıya qayıdışın əlaməti kimi tarixləşdi...
1992-ci ildən üzü bu yana Xocalı faciəsi Xocalıdan uzaqlarda anılırdı. Anım tədbirləri ayrı-ayrı şəhərlərdə, rayonlarda, bəşəri dövlətlərdə keçirilirdi. Bu il Xocalı faciəsi günü Xocalıda anıldı. Azərbaycan Respublikasınını Prezidenti cənab İlham Əliyev fevralın 26-da Xocalıda xocalıların əhatəsində Xocalı faciəsinin 32-ci ildönümü tədbirində çıxış etdi. Bu çıxış 32 il ərzində Xocalı faciəsinə dövlətin hansı səviyyədə duyğusal münasibəti olduğunun təsdiqidir.
Anım tədbirində cənab İlham Əliyev dedi: “Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq. Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra – o qarlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladı kimi yaşayırıq, qururuq, bərpa edirik”. Bu, qürurdur, Azərbaycanın tarixə gerçək hərbi və siyasi təsiridir. Bu kəlamlarda faciəyə təəssüf də var, təsəlli də. Xocalı faciəsi təkcə yaddaşlarda yaşadılmır, həm də tarixin nişanəsi olacaq memorial kompleks formatında da yaşadılacaq. Ölkə başçısının “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik” fikirləri də tarixi bir anti-bəşəri hadisəyə - işğalçı dövlətin törətdiyi böyük faciəyə Azərbaycan dövlətinin ciddi cavabı kimi qəbul edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalıların evləri bərpa edilsin. Bu da Böyük Qayıdışın tərkib hissələrindəndir...
Fevralın 26-da Xocalıda Xocalı memorial kpmpleksin bünövrəsi qoyuldu...
İşğaldan azad edilmiş ərazilər yenidən qurulur. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirlərində qazandığı hərbi qələbələri quruculuq işləri ilə tamamlayacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputat