"Münxendə dövlət rəhbərlərinin xarici işlər nazirlərinə görüş barədə verdiyi göstərişin məntiqi nəticəsi olaraq XİN başçılarının Almaniyada bir araya gəlməsi onu göstərir ki, proses hər şeyə rəğmən davam edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlin görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Ermənistanın konstitusiya dəyişiklikləri üçün hazırlığa başlaması və yaxın günlərdə Ermənistan XİN-nin Türkiyəyəyə səfərə hazırlaşması belə bir görüntü yaradır ki, Ermənistan prosesə zərbə vuran addım və açıqlamalar fonunda sülh üçün də addımlar atmaq istəyir:
"Türkiyəyə səfərin ediləcəyi isə Ermənistanın ən düzgün qərarıdır. Almaniyada XİN rəhbərlərinin görüşünün əsas vacib nüanslarından biri budur ki, bu görüşün baş tutmasının təşəbbüskarı Almaniya kansleri Olaf Şoltsdur. O, Münxendə iki dövlət rəhbərinin görüşünü təşkil etmişdi və indi də XİN -lərin görüşünə ev sahibliyi edir. Məsələ Fransanın kənarda qalmasıdır. Hesab edirəm ki, Berlin bu görüşün nəticə ilə baş tutması üçün lazımı addımlar atır".
Politoloq deyib ki, tərəflər isə görüşə getməklə həm Berlinin vasitəçiliyini qəbul edirlər, həm də Fransanın destruktiv fəaliyyətindən kənarda öz aralarında müzakirə etməyə çalışırlar:
"Nəticə gözləmək az ehtimal olsa da, görüş keçirmədən də hansısa nəticəyə gəlmək mümkün deyil. Odur ki, ən azı irəliyə addım baxımından hansısa nəticə əldə olunarsa, bunu məqbul hesab etmək olar".