Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vitse-spiker Adil Əliyev gələcəyin müəllimləri ilə görüşüb

Vitse-spiker Adil Əliyev gələcəyin müəllimləri ilə görüşüb


Fevralın 28-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə Universitetdə təhsil alan şəhid ailələrinin üzvləri, qazilər, idmançılar və fəal tələbələr iştirak edib. Tədbir şəhidlərin xatirəsinin anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov qonağı salamlayaraq, Universitet barəsində məlumat verib. O, dövlət başçısının təhsilə və gənclər siyasətinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək, bu sahələrdə uğurlu siyasətin həyata keçirilməsinin gələcəyimizin təminatı olduğunu qeyd edib. Rektor Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan şəhid ailələrinin üzvlərinə və qazilərə xüsusi həssaslıqla yanaşıldığını qeyd edərək, sağlam gəncliyin formalaşdırılması istiqamətində Universitet tərəfindən aparılan işlərdən danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev Milli Məclisin fəaliyyəti barəsində tələbələrə məlumat verib, Gənclər və idman komitəsinin gördüyü işlərdən danışıb.

Ölkəmizdə müasir gənclər siyasətinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən vitse-spiker Ümummilli Liderin imzaladığı müvafiq Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə ölkəmizdə gənclər üçün xüsusi bir gün təsis olunduğunu, hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərildiyini və orada müxtəlif ixtisaslar üzrə təhsil aldıqlarını diqqətə çatdırıb.

Adil Əliyev çıxışında xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin gənclər və idman sahəsinə hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, bu məqsədlə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradıldığını və 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirildiyini, eləcə də bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırıb.

Vitse-spiker Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirib. O, qeyd edib ki, Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Vitse-spiker hər il 10 nəfər gəncə Prezident təqaüdü verildiyini, gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzlərinin, gənclər evlərinin, olimpiya idman mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Adil Əliyev Azərbaycan gəncliyinin istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəldiyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsinin gənclər olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsində qələbənin də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda COP-29-un keçirilməsinin ölkəmizə təyin edilməsindən danışan vitse-spiker bunun beynəlxalq ictimaiyyətin ölkəmizə verdiyi dəstəyin, həmrəyliyin, həmçinin ölkəmizin artan nüfuzunun əyani nümayişi olduğuna diqqət çəkib.

Daha sonra tələbələrlə onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb. Tədbirdən sonra Adil Əliyev Universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Süleyman
Xəbəri paylaş