Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüsar İsmayılov: “Xocalı faciəsinin anım gününün Xocalıda keçirilməsi dövlət başçısı İlham Əliyevin qətiyyətinin nəticəsidir”

Vüsar İsmayılov: “Xocalı faciəsinin anım gününün Xocalıda keçirilməsi dövlət başçısı İlham Əliyevin qətiyyətinin nəticəsidir”


“Prezident İlham Əliyevin Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi, orada səsləndirdiyi fikirlər soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində çox böyük tarixi hadisədir. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin də səsləndirdiyi kimi, bu il ilk dəfə olaraq faciə qurbanlarının əziz xatirəsi məhz Xocalı şəhərində anıldı. Bu hadisə erməni separatçılarının və işğalçılarının ağır məğlubiyyəti ilə yanaşı, 32 il bundan öncə vəhşicəsinə qətlə yetirilmiş, əsir və girov götürülmüş, sonrakı taleyi hələ də naməlum qalan günahsız soydaşlarımızın qisası idi. Xocalı soyqırımı dünya tarixində nadir soyqırımı hadisələrindən biridir. Bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətdir. Faciə zamanı uşaq, qadın, ahıl demədən yüzlərlə insanın öldürülməsi, ən ağır işgəncələrə məruz qalması erməni millətinin əsl simasını bütün çılpaqlığı ilə sübut edir. Hətta zaman-zaman ermənilər yazdıqları kitablarda və yazılarda bu cinayətləri törətdiklərindən fəxarətlə bəhs edərək əslində bu cinayətlərin birbaşa təşkilatçısı və iştirakçısı olduqlarını etiraf etmişlər. Ancaq təəssüflər olsun ki, bütün dünya faktlar qarşısında susduğu kimi, bu etiraflara da gözlərini və qulaqlarını qapamışdır”.

Newscenter.az xəbər verir ki, bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə bütün dünya torpaqlarımızın işğal və talan edilməsi faktlarına göz yumduğu kimi, 32 il bundan öncə Xocalıda törədilmiş və bəşər tarixində misli görünməmiş soyqırımı və etniktəmizləmə faktlarına da eyni qaydada göz yumdu. Erməni işğalçılarının tarixi torpaqlarımızı zəbt etməsi, orada insanlıqdan kənar vandalizm və talançılıqla məşğul olması, çoxsaylı beynəlxalq cinayətlər törədərək təbii sərvətlərmizi qanunsuz olaraq mənimsəməsi faktlarına da beynəlxalq təsisatlar susdu. Çox təəssüflə qeyd edirik ki, Azərbaycan beynəlxaq hüququn təmin edilməsini, ədalətin bərqərar edilməsini 30 ildən artıq gözlədi, Ermənistanla sülh danışıqlarını davam etdirərək münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün bütün səylərini səfərbər etdi.

Vüsar İsmayılovun sözlərinə əsasən sülh danışıqları Ermənistanın qeyri-konstruktivliyi, beynəlxalq birliyin isə məsələyə ikili standartlardan və şəxsi maraqlarından yanaşmasının nəticəsində həll edilməmiş qaldı. Hətta bir sıra dövlətlər münaqişənin dondurulmasına səylər gözərərək vaxtı daha uzun illər uzatmağa və tarixi torpaqlarımızın Ermənistanın işğalı altında qalmasına çalışdı. Sözsüz ki, müdrik zəkaya, dərin diplomatik biliyə malik olan dövlət başçımızın qətiyyəti ilə aparılan bütün danışıqlarda Azərbaycanın haqlı mövqeyi və torpaqlarının bir qarışının belə heç bir ölkəyə güzəştə gedilməyəcəyi, lazım gələrsə münaqişənin hərb yolu ilə həll ediləcəyi dəfələrlə Ermənistanın və onların havadarlarının diqqətinə çatdırıldı: “Dövlət başçımız, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin, xalqımızın həmrəyliyi, qüdrətli və yenilməz ordumuzun peşəkarlığı nəticəsində 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdıq. Erməni separatçılarının işğalı altında olan torpaqlarımız azad edildi, Azərbaycan öz gücü ilə ədaləti hərb meydanında təmin etdi. Ermənistan layiq olduğu məğlubiyyətə uğradıldı, digər tarixi torpaqlarımızı müəyyən olunan müddətlərdə azad edəcəyini öhdəlik götürərək məlum 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktına imza atdı. Lakin ötən müddət ərzində Ermənistan tərəfi yenə də öz ampuluasında qalaraq götürdüyü öhdəliklərə sadiq qalmadı, onları yerinə yetirməməklə bərabər yenidən revanşist planlar qurmağa və cəhdlər etməyə başladı. Belə olan təqdirdə Azərbaycan Ordusu ötən ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri həyata keçirərək preventiv addımlarla erməni separatizminin kökünü tamamilə məhv etdi, separatçı xunta rejimi özünü buraxdığını elan etdi. Xocalı da daxil olmaqla separatçıların nəzarəti altında olan digər şəhərlərimizi də azad edildi, qanunsuz erməni silahlı birləşmələrindən tamamilə təmizləndi. Beləliklə, Azərbaycanın öz gücü sayəsində ərazi bütövlüyümüz tam təmin edildi. Biz inanırdıq Xocalıya qayıdacağıq. Bu zəfər xalqımıza nəsib oldu”.

Bu gün isə azad Xocalımızda soyqırımı qurbanlarının əziz xatirəsini yad edərək bir daha öz-özümüzə söz veririk ki, xalqımız bu faciəni heç bir zaman unutmayacaq və unutdurmayacaq. Bu faciə xalqımızın qan yaddaşıdır, bütün gələcək nəsillər tariximizi bilməli, unutmamalı və unutdurmamalıdır. Azərbaycan dövləti, müxtəlif qurumlar və təsisatlar, xüsusilə Heydər Əliyev Fondu soyqırımının dünyada tanıdılması istiqamətində əzmlə çalışır, dünyaya faktlar təqdim edir. Bu soyqırımı faktı öz hüquqi qiymətini almalı və faciəni törədərək əli yüzlərlə günahsız insanın qanına bulaşmış cinayətkarlar öz cəzalarını almalıdır.

Süleyman
Xəbəri paylaş