Müxtəlif ölkələrin rəhbər şəxslərinin, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının Bakıda keçirilməsi ölkəmizin ictimai-siyasi həyatı üçün həqiqətən də mühüm hadisədir. Prezident İlham Əliyevin martın 1-də “Gülüstan” sarayında keçirilən sözügedən tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlər və verdiyi önəmli mesajlar isə təkcə daxili auditoriyaya deyil, həm də xarici tərəfdaşlarımıza və Azərbaycana qarşı çirkin qaralama kampaniyaları aparan qüvvələrə ünvanlanıb. Bu cür mötəbər tədbirlər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin qlobal əməkdaşlıq platformalarına çevrilməsi işinə daha da təkan verəcək.
Azərbaycan Prezidenti çıxışında tərəfdaşlıqda etibarlılıq amilinə xüsusi olaraq toxundu və bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib, bizim sözümüz imzamız qədər dəyərlidir. Ona görə də bizimlə əməkdaşlıq edən ölkələr, beynəlxalq təşkilatlar, transmilli şirkətlər əmin ola bilərlər ki, qarşımıza qoyduğumuz planlar, üzərimizə götürdüyümüz bütün öhdəliklər vaxtında həyata keçiriləcək. Azərbaycanın etibarlı tərəfdaş olması bizimlə əməkdaşlığı genişləndirməkdə maraqlı olan tərəflər üçün əsas amillərdən biridir. Yeri gəlmişkən, etibarlılığımızın sübutu kimi təkcə keçən ilin göstəricilərinə nəzər salmaq kifayət edər.
Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” kimi nüfuzlu şirkətlərin əsas investorlarımız rolunda çıxış etməsi də etibarlılığımızın bir ayrı göstəricisidir. Prezident qeyd etdi ki, həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır və bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bu baxımdan, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin ixrac olunması nəzərdə tutulur. Beləliklə, biz yaxın gələcəkdə yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq. Bu da o deməkdir ki, hazırda Azərbaycan yaşıl enerjiyə keçid prosesində fəal iştirak edir.
Bununla əlaqədar olaraq dövlət başçımız bildirdi ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bəli, Azərbaycan həqiqətən də yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin bununla yanaşı, Prezident İlham Əliyev onu da vurğuladı ki, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Bu gün dünyada qaza ciddi tələbat var. Bizim resurslarımız və müvafiq infrastrukturumuz da bu tələbatın ödənilməsində mühüm rol oynayır. Xüsusən də son illərdə Avropada Azərbaycan qazına böyük tələbat var idi və bu tələbat bu gün də aktual olaraq qalır. Hazırda Avropanın 6 ölkəsi Azərbaycandan təbii qaz alır. Eyni zamanda əlavə bir neçə ölkə ilə də danışıqlar aparılır.
Lakin qazıntı yanacağına qarşı neqativ münasibətin get-gedə ümumi hal alması da diqqət mərkəzimizdədir. Bu mənada İlham Əliyevin neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmağın vacibliyini vurğulaması əsas məqamlardan biridir. Azərbaycan Prezidenti neft və qaz ölkələrinə qarşı ayırıcı xəttlərə son qoymağa çağırdı. Bəli, “bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik”.
Azərbaycan Prezidentinin bu fikirləri həm də o baxımdan əhəmiyyətlidir ki, yaşıl enerjiyə keçid məsələlərinin müsbət həllinə ən çox töhfə verən ölkələr də məhz neft və qaz tədarük edən ölkələr olacaq. COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi, COP29-a ev sahibliyi etmək hüququnun isə Azərbaycana verilməsi də bunun əyani təzahürüdür. Cənab Prezident də çıxışında vurğuladı ki, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olub. İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir.
Lakin əfsuslar olsun ki, keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal müxtəlif QHT-lər və media təşkilatlarının qərəzli hücumuna məruz qaldıq. Bizə hücum edənlərin yeganə arqumenti isə bu idi ki, necə ola bilər ki, qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edir. Məsələyə bu cür məhdud yanaşma onu göstərir ki, əlbəttə, ortada qərəz amili var. Onlar ənənəvi neft və qaz ölkəsi olan Azərbaycanın yaşıl enerjiyə keçidi fəal şəkildə dəstəkləməsini alqışlamaq əvəzinə, ölkəmizə qarşı informasiya savaşı aparır, əsassız hücumlar təşkil edirlər. Prezidentimiz də haqlı olaraq qeyd etdi ki, buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.
Ölkəmizə qarşı bu hücumları sifariş edən QHT və media resurslarının əksəriyyəti ya erməni lobbisi tərəfindən maliyyələşdirilir, yadaki o QHT-lərin rəhbər şəxsləri arasında, qərəzli yazıları yazanların arasında bilavasitə erməni əsilli şəxslər yer alır. Fransa mediası da bu məsələdə kifayət qədər aktivdir. Bir yandan rəsmi Parisin diktəsi altında işləyən, o biri yandan isə erməni lobbisinin “çirkli pul”ları ilə maliyyələşən fransız KİV-i Azərbaycanı qaralamaq üçün dəridən-qabıqdan çıxır. Lakin Azərbaycan isə, necə deyərlər, “it hürər, karvan keçər” prinsipi ilə hərəkət edərək öz yoluyla gedir, uğurlu enerji siyasətini inamla davam etdirir. Prezidentin də qeyd etdiyi kimi yaşıl enerjiyə keçid, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edir. Heç kim bizi yolumuzdan döndərə bilməz.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri