Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Azərbaycan sülh prosesinə sadiqdir”

Jalə Əhmədova: “Azərbaycan sülh prosesinə sadiqdir”


Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm əhəmiyyət daşıyıb. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və fevralın 28-də Prezident İlham Əliyevlə görüşü də bunun bariz nümunəsi idi.

Bu gün Almaniya Fransadan fərqli olaraq neytrallıq nümayiş etdirir, alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Çünki Almaniya anlayır ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Ona görə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Lakin təəssüf ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Aİ-nin aili nümayəndəsi Cozef Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Lakin Prezident İlham Əliyevin bildirdiyi kimi, bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planı yoxdur. Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı dezinformasiyası ölkəmizin demonizə edilməsinə əsaslanır.

Qeyd etmək lazımdır ki, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra Azərbaycan tərəfi buna vaxtında adekvat və dəqiq cavab verməli oldu. Buna baxmayaraq, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edən tərəfdir.

Hamıya məlumdur ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdü. Dünyada “İkili standartlar” siyasətinin təzahürü olaraq torpaqlarımızı işğal altında saxlayan Ermənistanın bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymamasına göz yumuldu.

Hal-hazırda isə Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistan çox yaxın qəbul edilir, Azərbaycan isə demonizə edilir.
Biz görürük ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamenti üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu gün Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır.

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bəyan etdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir.
Dövlət başçımız onu da qeyd etdi ki, bu gün Rusiya nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

Jalə Əhmədova, Milli Məclisin deputatı
Xəbəri paylaş