Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib

YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib


Martın 2-də III Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, Antalya Diplomatiya Forumunun önəmindən bəhs edən Zafer Sırakaya YAP nümayəndə heyətinin səfərinin və Forumda yüksək səviyyədə iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibətilə təbriklərini çatdıran Z.Sırakaya bu qalibiyyətin Azərbaycan dövlətinin və regionun, eləcə də Türk dünyasının gələcək taleyi baxımından böyük önəmə malik olduğunu qeyd edib.

İki ölkə arasında əlaqələrin ən yüksək zirvədə olduğunu diqqətə çatdıran Z.Sırakaya “Hər zaman iftixarla qeyd edirik ki, Azərbaycan ilə Türkiyə daim bir-birinin yanındadır. Bu birlik xalqlarımızın qürur mənbəyi, dövlətlərimizin isə milli gücüdür”,-deyə vurğulayıb. Öz ərazi bütovlüyünü və suverenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini qeyd edən Zafer Sırakaya ölkəmizə qarşı bəzi qərəzli dairələrin, o cümlədən AŞPA-nın qeyri-obyektiv mövqeyinin qəbuledilməz olduğunu söyləyib.

AK Parti Sədrinin müavini Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəfləndiyini qeyd edib.

İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin çox önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran Zafer Sırakaya “AK Parti Yeni Azərbaycan Partiyası ilə işbirliyinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlərimiz isə ikitərəfli münasibətlərimizin inkişafı baxımından olduqca vacibdir” ,- deyə bildirib.

O, 2023-cü ilin dekabr ayında AK Parti nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini bildirib ki, YAP ilə AK Parti ortaq hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərirlər və qarşıda duran bütün məqsədləri gerçəkləşdirmək əzmindədirlər.

Səmimi təbrikə və yüksək diqqətə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “bir millət, iki dövlət” prinsipinə və dostluğa, qardaşlığa, strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin əsrlərin sınağından şərəflə çıxdığını və dünyada nümunəvi xarakter daşıdığını vurğulayıb. O, dövlət başçısı İlham Əliyevin Zəfər seçkilərindən sonra ilk rəsmi səfərini məhz Türkiyə Respublikasına gerçəkləşdirməsinin bu reallığın daha bir bariz nümunəsi olduğunu bildirib.

YAP Sədrinin müavini Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində Türk dünyasında həmrəyliyin güclənməsinin bəzi dairələri ciddi narahat etdiyini, ölkələrimizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləndiyini bildirib. O, belə cəhdlərin istər Azərbaycanın, istərsə də Türkiyənin müstəqil və prinsipial siyasətinə təsir göstərə bilməyəcəyini vurğulayaraq iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədiklərini qeyd edib.

Tahir Budaqov söyləyib ki, Azərbaycan-Türkiyə birliyinin güclənməsində iqtidar partiyaları arasında münasibətlərin mühüm rolu var. 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdıran YAP Sədrinin müavini qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu prosesə töhfə verdiyini söyləyib.

YAP Sədrinin müavini Antalya Diplomatiya Forumunun mötəbər beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olduğunu vurğulayaraq Forumun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Süleyman
Xəbəri paylaş