Insanı seşkin edə bilən dəyərər sırasında ən bahalılarından biri təcrübədir. Çünki təcrübəni əldə etməkçün sənə Tanrının bağışladığı ən mühüm varından verməlisən.
Təcrübə o gücdür ki, onu yalnız və yalnız gün-gün, ay-ay, il-il – ömür sərf edərək qazanmaq olur.
Təcrübə isə həm bilikdir, həm müdriklikdir, həm duyma bacarığıdır, həm təhlil edərək seçmək qabiliyyətidir.
Təcrübəlilərə həmişə ehtiyac olub və dünya, həyat hansı səmtə inkişaf edir-etsin, hökmən ömür verib təcrübə toplamış insanların gücünə daim ehtiyac hiss ediləcək.
O yerdə ki, təcrübəlilərdən daha çox bəhrələnəcəklər, yanılmaq, büdrəmək ehtimalı da həmişə daha az olacaq.
Təcrübəlilərə söykənmək həmişə risk mümkünlüyünü azaltmaqdır.
Təcrübəlilərin improvizələri, hətta riskləri də artıq içərilərində işləyən yaddaş, peşəkarlıq, bişkinlik maşınının sayəsində öz hesabatını sövq-təbii aparır, gedilə biləcək yollardan ən doğrusunu seçir.
Təcrübəlilər yaş artdlqca köhnələn deyil, dəyəri vaxt ötdükcə artan dəfinələr kimidir. Bu sözlərimin hamısı mənim köhnə dostum Ədalət Vəliyevə aiddir.
Ona və o cür olmağa qadir hər kəsə. Belələri həmişə az olub, indi isə lap azdır.
Hansı səmtə üz tutursan, bu cür qiymətli keyfiyyətlərə sahib olanların qıtlığını sezirsən, belə gərəklilərin çox sahələrdə boş yerləri görünür.
Ədalət Vəliyev ilk gənclik illərindən Azərbaycanın mədəni və ictimai siyasi həyatının axarında olub.
İllər boyu püxtələşib, içəridən dolulaşıb və heç vaxt da yalnız illərin ona nəsə verəcəyinə bel bağlamayıb – müdam oxuyub, öyrənib, öz üzərində çalışıb.
Yekunu, bəhrəsi bugünkü Ədalətdir.
Ədalət Vəliyevin fəaliyyəti onillər boyu daha çox mədəni gerçəkliyimizlə bağlı olmuşdu.
Azərbaycan üçün son dərəcə mühüm olan bu istiqamətdə həm elmi-nəzəri, həm praktik, həm idarəçilik baxımından səmərəli çalışmışdı.
Uzun illər boyu mədəniyyətimizin irəliləyişləri və arzuolunan məcrada inkişafı məhz onun səyləri və çalışqanlığı ilə birbaşa bağlı oldu.
Ondan vəzifəcə daha yuxarıda qərar tutanlar da rahat olublar ki, Ədalət varsa, nigaranlığa əsas yoxdur, işlər rəvan gedəcək.
Və günlərin birində ölkə təhbəri Ədalət Vəliyevə sanki onunçün yeni olan bir sahədə işləməyi həvalə etdi.
Ancaq ən qısa zamanın müşahidələri göstərdi ki, özü də ali səviyyədə dövlətçilik pəşəkarı və incə seçim qabiliyyətli öndər olaraq Prezident İlham Əliyev məsələlərə necə hündürdən və miqyaslı baxa, kimdə hansı gücün gizləndiyini necə dəqiqliklə duya bilirmiş.
İdarəçilikdə, təşkilatçılıqda, insanlarla ünsiyyətdəki zəngin təcrübəsi və çalışmaqdan usanmamaq istedadı lap az vaxtda əyani şəkildə sübut etdi ki, Ədalət Vəliyevə Rəhbərin etimadı nə qədər sərrast bir seçimin nəticəsi imiş.
Məni dövlətçiliyimizin taleyi bütün istiqamətləri ilə həmişə düşündürür və hamımızın sərvəti olan dövlətimizin daim qüdrətli, uğurlu, yüksələn olmasını qəlbən istəyirəm.
Və sevinirəm ki, bu gün dövlətçiliyimizdə Ədalət Vəliyev də var.
O səmtə ki, o cavabdehdir arxayınam və əminəm ki, orada işimiz həmişə avand olacaq.
Çünki Ədalət ömrü boyu ona tapşırılan, cavabdeh olduğu sahənin məsuliyyətini bütün varlığı ilə hiss edib, daim bir sərhədçi kimi ayıq-sayıq, dəqiq, sərvaxt olub.
İşində də belə olub, həyatda da.
Ona görə də həmişə sevilib, qədri bilinib.
Gəlib yetişdiyi bu yuvarlaq ildönümünə qədər belə olub və bu qədər yol gəlib bu cür olandan sonra bundan belə dəyişməsi mümkün deyil ki!
Rafael Hüseyn, Milli Məclisin deputatı