Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi yeni dövrün yol xəritəsi bir daha göstərir ki, mahiyyətcə fərqli bir dövrə qədəm qoymuşuq.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, məqsəd və hədəflər böyüyüb. Belə bir məqamda bütövlükdə region ölkələri Azərbaycan Prezidenti ilə ayaqlaşmağa məhkumdur.
"Bəli, Ermənistan bizim qonşumuzdur, xarici siyasətimizin müəyyən istiqamətlərində bu amil nəzərə alınır, amma bütövlükdə Ermənistan bizim xarici siyasətimizin vacib hissəsi deyil. Biz artıq məsələmizi həll etmişik. Sülh müqaviləsi əldə olunacaq, ya olunmayacaq - bunu daha çox ermənilər düşünsün. Bütün bunların fonunda əgər bu gün Avropa Parlamenti heç bir hüquqi əsas olmadığı halda Azərbaycan əleyhinə qətnamə qəbul edirsə, yaxud, bu gün Fransa heç bir şansı olmadığını bilə-bilə Ermənistanı silahlandırırsa, vahid bir məqsəd var - erməni məsələsini gündəmdə saxlamaq. Amma göründüyü kimi, cənab İlham Əliyev faktiki olaraq erməni məsələsini beynəlxalq gündəmdən çıxarmağı bacarıb", - deputat vurğulayıb.
Deputat əlavə edib ki, dünya ictimaiyyəti də artıq reallıqların fərqindədir və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin Azərbaycana həvalə edilməsi bu istiqamətdə rəsmi Bakının səylərinə verilən yüksək qiymətdir.
Süleyman