Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının müdiri, tanınmış iqtisadçı alim Suqra Hümbətova Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bununla da AQC sədrinin müşavirlərinin sayı 6-ya çatıb.
Newscenter.az xəbər verir ki, Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, AQC sədri Vüqar Orucun imzaladığı sərəncamla Suqra Hümbətova vəzifə səlahiyyətlərinin icrasına başlayıb. 1998-ci ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaradılması prosesində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi olaraq fəal iştirak edib.
Xatırladaq ki, S.Hümbətova ölkəmizdə qeyri-maddi aktivlərin qiymətləndirilməsi sahəsində tədris həyata keçirən yeganə ixtisaslı pedaqoqdur. “Daxili bazarın qorunması və iqtisadi təhlükəsizliyinin təmin olunmasında qiymət amilindən istifadə yolları” mövzusunda dissertasiya işini müdafiə edən AQC sədrinin yeni müşaviri “Aqrar bazarda tədiyyə qabiliyyətli tələbin artırılması istiqamətləri” mövzusu üzrə iqtisad elmləri doktoru proqramı üzrə doktorantdır. 2001-2018-cü illərdə “Qiymət və qiymətləndirmə” kafedrasında çalışıb. 2022-ci ildən isə “İqtisadiyyat” kafedrasının müdiridir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, ADA Universiteti və SABAH Mərkəzi ilə birgə layihələr həyata keçirib. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunan S.Hümbətova “Ali Mikroiqtisadiyyat”, “Ali Makroiqtisadiyyat”, “Dövlət sektorunun iqtisadiyyatı”, “Tədqiqat metodları”, “Akademik Yazı”, “Qiymət və dövlətin antiinhisar siyasəti”, “Qiymət və qiymətləndirmə”, “İnvestisiya layihələrinin qiymətləndirilməsi” fənlərini, eləcə də 2017-2019-cu illərdə UNEC-in SABAH Qruplarında “Qiymət və qiymətləndirmə” fənnini tədris edib.
Süleyman