İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksiz markasız və ya saxta aksiz markalı məhsullarının pərakəndə satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az xəbər verir ki, 2024-cü ilin mart ayında Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanmış nəqliyyat vasitələrində, o cümlədən köşklərdə yerləşən 21 satış nöqtəsində operativ vergi nəzarəti tədbirləri keçirilib. Bu tədbirlər nəticəsində həmin obyektlərin hər birində qanunsuz yolla əldə edilmiş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirilməsi halları aşkar edilib. Nəzarət tədbirləri zamanı həmin obyektlərdən 16.062 qutu tütün məmulatı aşkar edilərək götürülüb. 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin əməlində Cinayət Məcəlləsinin 213-1 və 213-2-ci maddələrinin əlamətləri mövcud olduğu üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilib.
Dövlət Vergi Xidməti bir daha xatırladır ki, aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Süleyman