"Rusiya tərəfindən əsası qoyulan və bu ölkənin illərdir Cənubi Qafqazda əsas dayaq məntəqəsi hesab olunan Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artmaqdadır. İkinci Qarabağ Müharibəsində İrəvanın üzləşdiyi ağır siyasi situasiya və bundan sonra baş nazir Nikol Paşinyanın Kreml müttəfiqliyindən imtina etmək cəhdləri fonunda Qərbə meyillənməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirir"
Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, istər Roma Statunun ratifikasiyası, istərsə də Ermənistan rəsmilərinin Qərbə səfərlərindən dərhal sonra Moskva ilə münasibətlər baradə fikirlər səsləndirməsi ipləri qopma həddinə çatdırıb:
"Nikol Paşinyan və komandasının bu kimi addımlar atması erməni müxalifəti tərəfindən də tez-tez tənqid hədəfinə çevrilir və onlar hesab edirlər ki, baş nazirin Qərbə meyillənməsi ölkə üçün xoş gələcək vəd etmir, verilən vədlər isə sadə iluziyadan ötə bir şey deyil. Rusiyanın Ermənistanda mövcud siyasi, iqtisadi və hərbi varlığnı nəzərə alarsaq müxalifətin narahatlıqları başa düşüləndir. İlk öncə onu qeyd etməkdə fayda var ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan aslı vəziyyətdir və bu asılılıq iqtisadiyyatın bütün sahələrini əhatə edir. SSRİ dağıldıqdan sonra Rusiyanın ödənişsiz olaraq Ermənistanı elektrik enerjisi ilə təmin etməsi borcların tədricən artmasına səbəb oldu ki, nəticədə 2002 - ci ildə iki ölkə arasında baş tutan razılaşmaya əsasən yığılmış borcların müqabilində ermənilərin bir sıra zavod və fabrikləri Rusiyanın mülkiyyətinə keçdi. Bu sıraya "Mars" zavodu, 3 kimyəvi zavod, Razdan kaskad elektrik stansiyaları və başqa vacib əhəmiyyətli müəssəsələr daxil idi. Təbii ki, bunlar prosesin başlanğıcı olduğundan daha sonra da bu tendensiya davam etdi və İrəvan büdcəsinə gəlir gətirən enerji sahəsi, dəmir yol şəbəkəsi, qızıl molibden mədənləri də borc müqabilində Kremlə təhvil verildi. Bu şirkətlər "Qazprom" "Rusiya Dəmir Yolları" "Rosneft" şirkətlərinin balansına keçdi".
AVP rəsmisi deyib ki, Kremlin Ermənistanda iqtisadi riçaqları kifayət qədər güclüdür və onlardan birini tərpətmək sözügedən ölkə üçün ciddi nəticələrlə yadda qalar:
"Rəsmi İrəvanın Moskvadan asılılığı təkcə iqtisadi sahələri əhatə etməklə yekunlaşmır. Hazırda Rusiyanın sözügedən ölkədə hərbi mövcudluğu kifayət qədərdir və əsas diqqət etməli məqamlardan biri də Ermənistan ordusunda xidmət keçən yüksək rütbəli zabitlərin Rusiya təsirində olmasıdır. Və istisna deyil ki, hadisələrin indiki tempdə inkişafı Ermənistanda hakimiyyət dəyişikliyinə belə gətirib çıxara bilər. Bu proses Ermənistan üçün elə də yad bir hal deyil. Regionda baş verən prosesləri tam dərk etməyən və məntiqsiz addımlar atmaqla Rusiyadan uzaqlaşmağın çıxış yollarını axtaran İrəvan rəhbərliyi Azərbaycan və Türkiyə faktorunu görməzdən gəlməklə işini daha da çətinləşdirir. Onlar həqiqətən də Rusiyadan asılılığı sonlandırmaq istəyirlərsə Ankara və Bakı ilə münasibətləri normallaşdıraraq iqtisadi müstəqillik əldə edə bilərlər. Bu isə tədricən Rusiya təsirindən uzaqlaşmaq deməkdir. Lakin görünən odur ki, Fransa kimi dövlətlərin təsiri altında hərəkət etməyə üstünlük verən Paşinyan bu reallığı dərk etmək istəmir".
Süleyman