Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində çalışan şəhid anaları ilə görüş keçirilib

Paytaxt məktəblərində çalışan şəhid anaları ilə görüş keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəblərində çalışan şəhid anaları ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin struktur bölmə rəhbərləri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və paytaxt məktəblərində çalışan şəhid anaları iştirak ediblər.

Nərminə Hüseynova şəhid analarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.

N.Hüseynova gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınlarının hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazdıqlarını, onların bütün taleyüklü sınaq anlarında həmişə xalqımıza, cəmiyyətimizə əsil nümunə, mənəvi dayaq olduqlarını bildirib. Azərbaycan qadınlarının dünyaya gətirdiyi oğulların öz canları bahasına Qarabağı 30 illik əsarətdən qurtararaq Vətən Müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübut etdiklərini deyib.

N.Hüseynova paytaxt məktəblərinin 400-ə yaxın məzununun Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə, şərəflə yerinə yetirdiyini söyləyib.

Görüşdə çıxış edənlər qəhrəman övlad böyütdüklərinə görə şəhid analarına ehtiramlarını bildirib, bütün şəhidlərin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşadığını vurğulayıblar.

Diqqətə görə BŞTİ-yə təşəkkür edən şəhid anaları xalqın şəhidlərimizin misilsiz Vətən sevgisindən, göstərdikləri şücaətlərdən güc alaraq daha sıx birləşdiyini, şəhidlərin göstərdiyi qəhrəmanlıqların heç zaman unudulmayacağını bildiriblər.

R.Mehdiyeva
Xəbəri paylaş