Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
AHK Mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:
"Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və bol uğur arzulayıram.
Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq Qadınlar Günü bayram günü kimi qeyd olunur. Siz xanımlar bu günün əsas qəhrəmanı sayılırsınız. Amma əsl həqiqətdə isə siz elə hər gün qəhrəmanlıq (analıq, qadınlıq, bacılıq və s.) missiyanızı eyni fədakarlıqla yerinə yetirməyə davam edirsiniz. Bu mənada siz ildə cəmi bir gün yox, əslində hər gün diqqət, dəyər, sevgi ünvanına çevrilməyə layiqsiniz.
Biz azərbaycanlılar üçün qadına ehtiram və ana haqqını uca tutmaq həmişə ən ülvi, yüksək dəyərlər sayılıb. Analar and yerimiz, qadınlar həyat-dərd ortağımız, bacılarımız fədakarlıq ünvanımız, qızlarımız yaşam mənbəyimiz olub. Hərəsinin öz yeri var. Hər biri bizim üçün bir ayrı cürə dəyərlidir, əvəzolunmazdır.
Eyni zamanda, Azərbaycan qadını xüsusi missiyalı qadındır. Çünki Azərbaycan qadını tarixən xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində həmişə aparıcı rol oynayıb. Bu gün də Azərbaycan qadını öz fədakarlığı və zəhmətkeşliyi ilə, mənəvi gücü və intellektual səviyyəsi ilə fərdlərin şəxsiyyət kimi yetişməsində, cəmiyyətimizdə sağlam mühitin bərqərar olmasında, dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında öz missiyasını uğurla davam etdirir. İnanırıq ki, qadınlarımız bundan sonra da dəyərlərimizin qoruyucusu olaraq qalacaq və milli birliyimiz, parlaq gələcəyimiz naminə öz töhfələrini əsirgəməyəcəklər.
Bayramınız mübarək, əziz qadınlar!
Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”